PDF Oxu

Siyasət

  • 530

IV Şuşa Qlobal Media Forumu - Yeni dünya nizamında medianın strateji missiyası - ŞƏRH

image

Qloballaşan dünyada informasiya təkcə xəbərin ötürülməsi vasitəsi deyil, həm də geosiyasi proseslərə təsir göstərən strateji amillərdən biridir. Bu baxımdan Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan mühüm platforma kimi öz mövqeyini daha da möhkəmləndirir. Müxtəlif ölkələrdən jurnalistləri, media rəhbərlərini, ekspertləri və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirən forum qlobal informasiya mühitinin çağırışlarını müzakirə etməklə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafına da mühüm töhfə verir.

Şuşanın forumun keçirildiyi məkan kimi seçilməsi dərin siyasi və mənəvi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhər işğaldan azad edildikdən sonra beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu mərkəzə çevrilib. Bu gün Şuşa təkcə tarixi və mədəni irsin deyil, həm də sülhün, dialoqun və əməkdaşlığın simvoludur. Burada keçirilən beynəlxalq forumlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları və inkişaf modelini dünyaya nümayiş etdirir.

Müasir dövrdə dezinformasiya, saxta xəbərlər, kibertəhdidlər və süni intellektin media sahəsində yaratdığı yeni imkanlar və risklər qlobal gündəliyin əsas mövzularındandır. Şuşa Qlobal Media Forumu bu məsələlərin peşəkar müstəvidə müzakirəsinə şərait yaradır, media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq dialoqu genişləndirir.

Forum həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Cənab Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələri ilə açıq dialoqu, regional və qlobal proseslərlə bağlı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Bu dialoq Azərbaycanın sülh gündəliyini, regional əməkdaşlıq təşəbbüslərini və milli maraqlara əsaslanan xarici siyasətini dünya ictimaiyyətinə birbaşa çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

IV Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media təqvimində özünəməxsus yer tutmuş nüfuzlu platformadır. Burada aparılan müzakirələr qlobal informasiya məkanının gələcəyinə dair yeni yanaşmaların formalaşmasına, dövlətlər arasında etimadın möhkəmlənməsinə və peşəkar jurnalistikanın inkişafına xidmət edir.

İnformasiya əsrində həqiqətin qorunması, obyektiv jurnalistikanın dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bəşəriyyətin ortaq maraqlarındandır. Şuşa Qlobal Media Forumu məhz bu dəyərləri təşviq edən, dialoq və qarşılıqlı anlaşmanı gücləndirən qlobal platforma kimi öz əhəmiyyətini ildən-ilə artırır. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu forum ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirərək onu qlobal media dialoqunun aparıcı mərkəzlərindən birinə çevirir.Müasir dövrdə Azərbaycan Respublikası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasətin əsas məqsədi ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, beynəlxalq əməkdaşlığı genişləndirmək, regionda sülh və sabitliyi möhkəmləndirmək, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqdır. Son illərdə həyata keçirilən uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini artırmışdır. Bununla belə, tranzit ölkə statusunun möhkəmlənməsi yalnız coğrafi üstünlüklərlə deyil, qonşu dövlətlərlə qarşılıqlı etimada, mehriban münasibətlərə və regional əməkdaşlığa əsaslanır. Bu baxımdan Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafına, iqtisadi əlaqələrin genişləndirilməsinə və bazarların şaxələndirilməsinə xüsusi diqqət yetirir.

Ölkəmiz Avropa İttifaqı, xüsusilə Avropa Komissiyası ilə enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat və iqtisadiyyat sahələrində uğurlu əməkdaşlıq həyata keçirir. Bununla yanaşı, İordaniya da daxil olmaqla dost və tərəfdaş dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı Azərbaycanın çoxtərəfli xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bütün bu əməkdaşlıqlar Azərbaycanın beynəlxalq əhəmiyyətinin daha da artmasına xidmət edir.

Hazırda dünya mürəkkəb geosiyasi proseslər və silahlı münaqişələrlə üz-üzədir. Belə bir şəraitdə beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hesab edir ki, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət göstərilməsi davamlı sülhün əsas şərtidir. Bu baxımdan ölkəmiz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini dəfələrlə bəyan etmişdir.

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm versə də, milli maraqlara zidd olan və ikili standartlara əsaslanan yanaşmaları qəbul etmir. Uzun illər Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyəti real nəticə verməmiş, ədalətli vasitəçilik prinsiplərini doğrultmamışdır. Bu səbəbdən Azərbaycan beynəlxalq münasibətlərdə ədalətin və beynəlxalq hüququn aliliyinin təmin edilməsinin vacibliyini daim vurğulayır.

Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Ordusu öz gücünü və peşəkarlığını təkcə hərbi paradlarda deyil, döyüş meydanında qazandığı tarixi qələbə ilə də sübut etmişdir. Güclü müdafiə potensialı və uğurlu diplomatiya Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfəni daha da artırmışdır.

Azərbaycan beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlığı prioritet hesab edən müstəqil xarici siyasət həyata keçirir. Regional təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq tərəfdaşlığın inkişafı və sülhün təmin olunması istiqamətində atılan addımlar ölkəmizin dünya birliyində mövqeyini daha da gücləndirir. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət həm regionun sabit inkişafına, həm də beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Cəmilə Hüseynova

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini,

YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri, partiya fəalı

Digər xəbərlər