Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm aktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa bağlıdır. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Slovakiya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Ölkə başçısı İlham Əliyevin Slovakiyalı həmkarı ilə Şuşa şəhərində keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır. Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.
Səfər çərçivəsində keçirilən Azərbaycan-Slovakiya biznes-forumu hər iki ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rol oynadı. Slovakiyanın Baş nazirinin müavini – iqtisadiyyat naziri Denisa Sakova Azərbaycan-Slovakiya biznes-forumunda qeyd etdi ki, hökumətlərimizin və biznes dairələrimizin nümayəndələrinin geniş tərkibdə iştirakı iqtisadi əməkdaşlığı genişləndirməyə dair ortaq sadiqliyimizi əks etdirir. 2024-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açdı. Hazırda bu tərəfdaşlıq artıq energetika, müdafiə sənayesi, investisiya, həmçinin azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək layihələri kimi sahələrdə real nəticələr verir. Slovakiyanın energetika, infrastruktur, mühəndislik, müdafiə, su idarəçiliyi, informasiya texnologiyaları, qida sənayesi və qabaqcıl sənaye həlləri daxil olmaqla, əsas sektorları təmsil edən 25 şirkətdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məni xüsusilə məmnun edir. Onların iştirakı həm Slovakiya sənayesinin rəqabət qabiliyyətini, həm də Azərbaycan biznesi ilə uzunmüddətli tərəfdaşlıq qurmaqda maraqlı olduğunu nümayiş etdirir.
Slovakiya Respublikası işğaldan azad edilmiş ərazilərimizin bərpasında aktiv iştirak edir. Bu fakt Slovakiya Respublikasının sadəcə suveren ərazilərimizi tanıdığını sübut etmir, həm də beynəlxalq hüquqa sadiqliyinin və sülhsevər, humanizm əsaslı dövlət idarəçiliyinin bu ölkə üçün prinsipial vacibliyini önə çıxarır. Cənab Prezident İlham Əliyev öz bəyanatında bu məsələni ayrıca vurğulayır: “Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.” Əlbəttə dövlət başçımız da öz növbəsində şəxsinin və xalqımızın qonaqpərvərlik keyfiyyətini nümayiş etdirərək sülhsevər və xoşniyyətimizi nümayiş etdirir. Bu qarşılıqlı anlayış və ortaq dəyrləri paylaşma sevinci hər iki dövlətin gələcək birgə inkişafı üçün təcil təşkil edəcək.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı