Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri zamanı iyulun 14-də Şuşada verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin uğurla inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, iki ölkə arasında siyasi təmaslar artıq müntəzəm xarakter alıb və bu, qarşılıqlı etimadın, dostluğun və əməkdaşlığın göstəricisidir.
Prezident İlham Əliyev ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırladığını, göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. Bu cür qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.
Şuşada keçirilən görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, nümayəndə heyətlərinin geniş tərkibi əməkdaşlığın əhatə dairəsinin nə qədər geniş olduğunu göstərir. Ən vacib məqamlardan biri isə odur ki, tərəflər yalnız dialoq aparmır, eyni zamanda konkret layihələr və praktiki addımlar üzərində də fəal işləyirlər.
Azərbaycan və Slovakiya arasında formalaşan qarşılıqlı etimada əsaslanan münasibətlər gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Enerji təhlükəsizliyi, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı iki ölkənin ortaq maraqlarına xidmət edir.
Şuşada səsləndirilən bu fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan–Slovakiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu münasibətlər həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də regional və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi