PDF Oxu

Siyasət

  • 750

Şuşa regionun iqtisadi, siyasi mərkəzinə çevrilib - ŞƏRH

image

Cari ilin iyul ayının 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Peter Pelleqrininin Şuşadan başlanan rəsmi səfəri iki ölkənin münasibətlərində yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi. İki ölkənin münasibətlərinə yeni əlavə edilən istiqamətlərdən biri Slovakiyanın Qarabağın bərpasına dəstəyidir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə edib. Nəzərə alaq ki, Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu olub.

Prezident İlham Əliyev Slovakiya ilə qurulan tərəfdaşlığı keyfiyyətcə yeni mərhələ adlandırır və 2024-cü ildə imzalanmış Birgə Bəyannamənin icrasının sürətlə getdiyini xüsusi vurğulayır. Bu, Azərbaycanın Avropada tərəfdaş axtarışında coğrafiyanı daha da şaxələndirdiyini, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri ilə möhkəm iqtisadi-siyasi bağlar qurduğunu göstərir. Ölkəmizə rəhbərliyinin ilk anlarından – “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Prezidenti iyulun 14-dəki bəyanatında da həmin mövqeyinin özünün praqmatik xarici siyasət kursunun fəlsəfəsi kimi dövlətlərarası münasibətlərdə də nümayiş etdirdiyini bir daha ortaya qoydu: “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”.

İki dövlət arasında çoxşaxəli əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin uğurlu perspektivindən xəbər verir. Slovakiya Azərbaycan qazının Avropaya nəqli məsələsində, xüsusən “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində əsas tərəfdaşlardan biridir. Hazırda fosil, yaxın gələcəkdə isə həm də “yaşıl enerji” ixracı fonunda bu tərəfdaşlıq strateji əhəmiyyətini qoruyub saxlayacaqdır. Hərbi-texniki sahənin prioritetlər arasında qeyd olunması Slovakiya ilə Azərbaycan arasında hərbi sənaye, müdafiə texnologiyalarının ötürülməsi və birgə istehsalat sahəsində yeni perspektivlərin açıldığını göstərir.

Prezident İlham Əliyevin Peter Pelleqrininin ölkəmizə etdiyi səfərlərin xronologiyasına istinad etməsi, onun həm parlament sədri, həm baş nazir kimi Azərbaycana səfərlərini, həmçinin Bakıda keçirilən beynəlxalq iqlim konfransındakı iştirakını xatırlatması şəxsi diplomatiya alətindən uğurla istifadə edərək, iki lider arasındakı münasibətlərin səmimiyyətə və dostluğa əsaslandığını göstərir. Digər tərəfdən, bu xatırlatma Slovakiya Prezidentinin Azərbaycanı və region reallıqlarını yaxşı tanıdığını, iki ölkə arasındakı əlaqələrin konyunktur dəyişikliklərdən asılı olmadığını və dövlətlərarası münasibətlərin hazırkı mərhələdə liderlər səviyyəsində uzunmüddətli etibarlı dostluq platformasına söykəndiyini sübut edir.

Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində də müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Səbuhi Əliyev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər