Bu gün artıq Qarabağ təkcə genişmiqyaslı tikinti meydançası deyil, həm də beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Dünyanın müxtəlif ölkələrinin şirkətləri və investorları bu tarixi prosesə qoşulur. Bu ölkələr arasında Slovakiyanın xüsusi fəallığı diqqət çəkir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin Avropa dövlətləri ilə münasibətlərinin davamlı inkişafını təmin edir. Slovakiya ilə əlaqələrin son illərdə yüksələn xətt üzrə inkişaf etməsi də bu uğurlu siyasətin mühüm nəticələrindən biridir. Slovakiya Prezidenti Peter Pelleqrini bu günlərdə Azərbaycanda rəsmi səfərdə oldu. Səfər Şuşadan başladı, Bakıda davam etdi. Azərbaycan və Slovakiya Prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar, Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Qeyd edək kmi, Qarabağın bərpası Azərbaycan-Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya arasında siyasi təmaslar artıq müntəzəm xarakter alıb. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və aparılan səmərəli dialoq münasibətlərin məzmununu daha da zənginləşdirir. Prezident İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya rəsmi səfəri və Prezident Peter Pelleqrinin Azərbaycana, xüsusilə də Şuşaya səfəri iki ölkə rəhbərlərinin əməkdaşlığın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Qarabağın bərpası sadəcə dağıdılmış yaşayış məntəqələrinin yenidən tikilməsi deyil. Burada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsaslanan müasir yaşayış məkanları yaradılır, rəqəmsal texnologiyalar, yaşıl enerji və ekoloji həllər tətbiq olunur. Slovakiya şirkətlərinin bu layihələrdə iştirakı onların yüksək texnoloji təcrübəsinə və peşəkarlığına verilən etimadın göstəricisidir. Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi bunun ən parlaq nümunələrindən biridir. Slovakiya şirkətlərinin iştirakı ilə reallaşdırılan bu layihə gələcəyin kənd modelini formalaşdırır. Burada müasir infrastruktur, innovativ idarəetmə sistemi, ekoloji təmiz enerji mənbələri və yüksək yaşayış standartları tətbiq edilir. Layihə təkcə yeni evlərin tikintisini deyil, insanların təhlükəsiz və rahat yaşayışını təmin edən bütöv bir mühitin yaradılmasını nəzərdə tutur.
Slovakiya Prezidenti mətbuata bəyanatında bildirdi ki, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq.
Bu gün Qarabağda salınan yollar, hava limanları, yaşayış məntəqələri, məktəblər və xəstəxanalar gələcəyin inkişaf modelini formalaşdırır. Bu prosesdə Slovakiya ilə əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və humanitar baxımdan böyük əhəmiyyət daşıyır. Birgə həyata keçirilən layihələr Azərbaycan–Slovakiya münasibətlərini daha da möhkəmləndirir və qarşılıqlı etimadı gücləndirir.
Son illərdə formalaşmış strateji tərəfdaşlıq siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, energetika, investisiya, humanitar əməkdaşlıq və innovasiya sahələrini də əhatə edir. Bu isə əlaqələrin uzunmüddətli və dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan konkret nəticələrə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Bu gün ölkəmiz etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir, dost ölkələrlə qarşılıqlı faydalı münasibətləri ardıcıl şəkildə inkişaf etdirir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri