PDF Oxu

Siyasət

  • 921

Məşğulluq Strategiyasına dair Tədbirlər Planı təsdiqləndi!

image

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqındanin Sərəncam imzalayıb. Sərəncama əsasən, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcəkdir. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb ki, Azərbaycanda regionların iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsi genişləndiriləcək. Sənədə əsasən, 2026–2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birgə regionlarda peşə hazırlığı mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək. Ölkəmizdə aktiv məşğulluq tədbirlərinə cəlb edilən şəxslərin sayı artırılacaq. Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Sənəddə qeyd edilib ki, 2026–2030-cu illərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının artırılması üçün aktiv məşğulluq tədbirlərinin səmərəliliyi artırılacaq. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində beynəlxalq təcrübə öyrəniləcək. İlkin mərhələdə peşə hazırlığı mərkəzlərinin yaradılması üçün regionlar müəyyənləşdiriləcək. Sonrakı mərhələdə isə 6 regional peşə hazırlığı mərkəzi yaradılacaq.

Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramlarının yenilənməsi həyata keçiriləcək. Bu Tədbirlər Planında öz əksini tapıb. Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçılar isə aidiyyəti dövlət qurumlarıdır. Tədbirin icrası 2026–2030-cu illəri əhatə edəcək. Sənədə əsasən, ilk mərhələdə ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan təhsil proqramları müəyyənləşdiriləcək. Daha sonra əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla həmin proqramlar yenilənəcək. Azərbaycanda iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) sisteminin yaradılması istiqamətində yeni hüquqi mexanizmin formalaşdırılması nəzərdə tutulur. Sənədə əsasən, 2026–2029-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının cəlb olunması ilə iş yerində öyrənmə üzrə yeni mexanizmin yaradılması məqsədilə normativ hüquqi baza formalaşdırılacaq. İlkin mərhələdə iş yerində öyrənmə ilə bağlı beynəlxalq təcrübə araşdırılacaq və müvafiq təkliflər hazırlanacaq. Növbəti mərhələdə bu sahəni tənzimləyəcək normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Tədbirlər planına əsasən, görüləcək işlərin yekununda iş yerində təcrübə və usta yanında şagirdlik dövründə əmək münasibətlərini tənzimləyən yeni mexanizm formalaşdırılacaq. Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramlarının yenilənməsinin həyata kecirilməsi də nəzərdə tutulur. Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçılar isə aidiyyəti dövlət qurumlarıdır. Tədbirin icrası 2026–2030-cu illəri əhatə edəcək.

Sənədə əsasən, ilk mərhələdə ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan təhsil proqramları müəyyənləşdiriləcək. Daha sonra əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla həmin proqramlar yenilənəcək.

Onu da qeyd edək ki, peşə təhsili müəssisələrində təhsilverənlər üçün təkmil ixtisasartırma proqramları tətbiq olunacaq. Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil Nazirliyi, tövsiyə olunan tərəfdaş isə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasıdır (ASK). Proqramın icrası 2026–2030-cu illəri əhatə edəcək. Sənədə əsasən, peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin müasir texniki bilik və bacarıqlarının artırılması məqsədilə təkmil ixtisasartırma proqramları həyata keçiriləcək. Nəticədə müasir texniki bilik və bacarıqlar üzrə təlim keçmiş təhsilverənlərin sayının minimum 250 nəfərə, sonrakı mərhələdə isə ən azı 300 nəfərə çatdırılması nəzərdə tutulur.

Tədbirlər Planında prioritet istiqamət olaraq məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi və s. nəzərdə tutulur.

Digər prioritet istiqamət kimi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması nəzərdə tutulur. Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı preventiv maarifləndirmə tədbirlərinin həyata keçirilməsi qeyd olunur.

Göründüyü kimi, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq, peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin müasir texniki bilik və bacarıqlarının artırılması məqsədilə təkmil ixtisasartırma proqramları həyata keçirilməsi və s. nəzərdə tutulub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər