PDF Oxu

Siyasət

  • 1 535

Milli mətbuatın işığında - ŞƏRH

image

Hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə bağlıdır. “Əkinçi” təkcə ilk milli qəzet deyil, həm də xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfə vermişdir. Bu gün Azərbaycan mətbuatı həmin zəngin irsi davam etdirərək cəmiyyətin məlumatlandırılması, dövlətçilik dəyərlərinin təbliği və milli maraqların qorunması istiqamətində mühüm rol oynayır.

Müstəqillik illərində ölkəmizdə söz və mətbuat azadlığının inkişafı, informasiya məkanının genişlənməsi istiqamətində mühüm addımlar atılmışdır. Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və jurnalistikanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Xüsusilə rəqəmsal medianın inkişafı, onlayn informasiya resurslarının genişlənməsi və müasir kommunikasiya imkanlarının yaradılması milli mətbuatın yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır.
Son illərdə milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər həyata keçirilmişdir. Medianın iqtisadi dayanıqlığının artırılması, peşəkar jurnalistikanın təşviqi, media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar aparılmışdır. Medianın İnkişafı Agentliyinin fəaliyyəti çərçivəsində jurnalistlərin peşəkarlığının artırılması, media layihələrinin dəstəklənməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm işlər görülür. Bu təşəbbüslər milli medianın müasir çağırışlara uyğun inkişafına və beynəlxalq informasiya məkanında daha fəal iştirakına xidmət edir.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə informasiya cəbhəsində yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmış, dezinformasiyalara qarşı operativ və obyektiv mövqe sərgiləmişdir. Bu, milli jurnalistikanın cəmiyyət qarşısındakı məsuliyyətini və dövlət maraqlarının qorunmasındakı əhəmiyyətini bir daha nümayiş etdirmişdir.
Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil, həm də milli mətbuatın keçdiyi şərəfli yolun, qazandığı uğurların və qarşıda duran vəzifələrin dəyərləndirildiyi əlamətdar gündür. İnanırıq ki, Azərbaycan mətbuatı öz zəngin ənənələrinə sadiq qalaraq, peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərini rəhbər tutmaqla cəmiyyətin inkişafına bundan sonra da mühüm töhfələr verəcək, milli maraqların qorunması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirəcəkdir.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər