PDF Oxu

Siyasət

  • 1 534

Əkinçidən Şuşaya uzanan yol: Azərbaycan mətbuatının 151 illik şərəf salnaməsi - ŞƏRH

image

Hər il 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunması xalqımızın milli düşüncə tarixində, ictimai fikrin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan mətbuatına göstərilən yüksək ehtiramın ifadəsidir. Məhz 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsası qoyuldu. Bu qəzet təkcə ilk Azərbaycan dilli mətbuat orqanı deyil, həm də xalqın maariflənməsi, milli özünüdərkin güclənməsi və ictimai tərəqqinin təməl daşı oldu.

“Əkinçi” sadəcə ilk qəzetimiz deyil, xalqın maariflənməsi, milli şüurun formalaşması, elmə və tərəqqiyə çağırışın simvolu idi. Bu müqəddəs yol üzərində formalaşan Azərbaycan mətbuatı illər ərzində böyük inkişaf mərhələləri keçərək bu gün müasir, peşəkar və güclü informasiya institutuna çevrilib. Hazırda media yalnız informasiya mənbəyi deyil, həm də milli maraqların qorunmasında, dövlətçilik ideyalarının təbliğində və cəmiyyətin maariflənməsində mühüm rol oynayan strateji sahədir.

Azərbaycan mətbuatının müasir inkişaf tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmək lazımdır.Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi və iqtisadi çətinliklər digər sahələr kimi media fəaliyyətinə də təsir göstərirdi. Lakin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlət quruculuğunun bütün istiqamətləri ilə yanaşı, mətbuatın inkişafını da mühüm prioritetlərdən biri kimi müəyyənləşdirdi.Ümummilli Lider yaxşı bilirdi ki, güclü dövlətin əsas dayaqlarından biri azad, peşəkar və məsuliyyətli mətbuatdır. Onun təşəbbüsü ilə media sahəsində mühüm islahatlar həyata keçirildi, jurnalistlərin fəaliyyət imkanları genişləndirildi, mətbuatın hüquqi bazası möhkəmləndirildi.

1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycan mediasının inkişafında tarixi dönüş nöqtəsi oldu. Bu qərar söz və fikir azadlığının təmin olunması, müstəqil medianın formalaşması və demokratik dəyərlərin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdı. Heydər Əliyev daim jurnalist əməyinə yüksək qiymət verir, media nümayəndələri ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanırdı. O, mətbuatın cəmiyyətin inkişafında, dövlətlə xalq arasında əlaqələrin möhkəmlənməsində mühüm vasitə olduğunu vurğulayırdı. Ümummilli Liderin formalaşdırdığı bu siyasət sonrakı illərdə Azərbaycan mediasının inkişafı üçün möhkəm zəmin yaratdı.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan mediası yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Müasir informasiya texnologiyalarının tətbiqi, rəqəmsal medianın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması və media subyektlərinin fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, informasiya dövründə media ölkənin milli maraqlarının qorunmasında mühüm rol oynayır. Bu gün informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas istiqamətlərindən biridir və Azərbaycan mediası bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirir. Jurnalistlərin sosial müdafiəsi də Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması, onların əməyinin qiymətləndirilməsi və peşə fəaliyyətlərinin dəstəklənməsi dövlətin jurnalistlərə verdiyi yüksək dəyərin göstəricisidir.

2020-ci il Vətən müharibəsi Azərbaycan mediasının tarixində xüsusi yer tutur. 44 günlük müharibə dövründə jurnalistlər əsl vətənpərvərlik nümunəsi göstərərək informasiya cəbhəsində böyük xidmətlər göstərdilər. Azərbaycan jurnalistləri döyüş bölgələrindən hazırladıqları reportajlarla, çəkdikləri görüntülərlə və hazırladıqları materiallarla ölkəmizin haqq səsini dünyaya çatdırdılar. Onlar Ermənistanın yaydığı yalan məlumatlara qarşı mübarizə apardılar, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdilər. Bu dövrdə media nümayəndələri yalnız peşə borclarını deyil, həm də milli məsuliyyətlərini böyük fədakarlıqla yerinə yetirdilər.

Vətən müharibəsi və postmüharibə dövründə öz peşə vəzifələrini yerinə yetirərkən həyatını itirən media nümayəndələri Azərbaycan jurnalistikasının qəhrəmanlıq salnaməsinə adlarını yazdırdılar.

Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov azad edilmiş ərazilərdə jurnalist fəaliyyəti zamanı şəhid oldular. Onlar doğma torpaqlarına qayıdan insanların sevincini, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini işıqlandırmaq üçün həmin bölgədə çalışırdılar. Onların şəhadəti Azərbaycan mediasının qarşılaşdığı ən ağır itkilərdən biri oldu. Bu jurnalistlər göstərdilər ki, həqiqətin çatdırılması, Vətənə xidmət və peşəyə sədaqət böyük fədakarlıq tələb edir.

Şəhid media nümayəndələrinin xatirəsi bu gün də böyük ehtiramla yad edilir. Onların həyatı və fəaliyyəti gələcək nəsil jurnalistlər üçün əsl örnəkdir.

Azərbaycanın media sahəsində qazandığı uğurların mühüm göstəricilərindən biri də Şuşada keçirilən Qlobal Media Forumudur.Son günlər Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və informasiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirdi. Forum müasir informasiya çağırışlarının müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrildi. Tədbirdə dezinformasiyaya qarşı mübarizə, süni intellektin mediaya təsiri, informasiya təhlükəsizliyi, rəqəmsal medianın inkişafı və beynəlxalq media əməkdaşlığı kimi aktual məsələlər geniş müzakirə olundu.

Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh gündəliyi, bərpa-quruculuq işləri və informasiya siyasəti barədə mühüm mesajlar verdi.

Şuşa Qlobal Media Forumu Azərbaycanın yalnız mədəniyyət deyil, həm də informasiya və diplomatiya mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir.

Əminik ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu və Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl media siyasəti nəticəsində Azərbaycan mətbuatı bundan sonra da milli maraqların keşiyində dayanacaq, həqiqətin carçısı olacaq və ölkəmizin beynəlxalq informasiya məkanındakı nüfuzunun daha da yüksəlməsinə mühüm töhfələr verəcəkdir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini, qələm sahiblərini təbrik edir, onlara yaradıcılıq uğurları, sağlamlıq və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda yeni nailiyyətlər arzulayırıq.

Bayramınız mübarək, Azərbaycan mətbuatının fədakar nümayəndələri!

Yalçın Əliyev

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər