PDF Oxu

Siyasət

  • 2 097

Azərbaycan Milli Mətbuatı 151 yaşında - ŞƏRH

image

Məlumdur ki, Azərbaycan milli mətbuatının əsası qoyulan gündən ötən 151 il ərzində ölkənin informasiya məkanı böyük inkişaf yolu keçərək müasir çağırışlara uyğun yeni keyfiyyət mərhələsinə yüksəlib. Yeri gəlmişkən, 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı. Qeyd edək ki, Həsən bəy Zərdabi başda olmaqla qabaqcıl Azərbaycan ziyalılarının böyük ümidlərlə ərsəyə gətirdiyi “Əkinçi” çar imperiyasının təhdid və təzyiqləri nəticəsində cəmi iki il nəşr olunsa da milli düşüncənin sarsılmaz təməlini yaratdı və sonrakı mətbuat ənənələrinin ideya qaynağı oldu.

Onu da qeyd etmək lazımdır ki, mədəniyyətimizin, ictimai fikrimizin və milli özünüdərkimizin inkişafında mühüm rol oynayan bu irs sonrakı dövrlərdə “Molla Nəsrəddin”, “Füyuzat”, “Şərqi-Rus” və digər mətbu nəşrlərdə daha da zənginləşdirilərək maarifçilik hərəkatının aparıcı qüvvəsinə çevrildi. Çar Rusiyasının süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə mətbuat tamamilə dövlət nəzarətinə keçdi. Sovet imperiyası dövründə müstəqil media anlayışı faktiki olaraq mövcud deyildi. Kütləvi informasiya vasitələri yalnız kommunist ideologiyasının təbliği funksiyasını yerinə yetirir, cəmiyyətə obyektiv və alternativ informasiya çatdırmaq imkanından məhrum edilirdi.

Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyuldu. Müstəqil media formalaşmağa başlasa da ilk illərdə mövcud olan senzura və digər məhdudiyyətlər bu sahənin tam inkişafına maneə yaradırdı. Dönüş nöqtəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verdi. Ulu öndərin həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində senzura ləğv olundu, latın qrafikalı Azərbaycan əlifbasına keçid təmin edildi, media sahəsinin hüquqi bazası təkmilləşdirildi və dövlətin mətbuata dəstəyi gücləndirildi. Bütün bunlar Azərbaycanda azad, peşəkar və milli maraqlara söykənən medianın inkişafı üçün möhkəm zəmin formalaşdırdı.

Xüsusilə qeyd edək ki, bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Medianın maddi-texniki bazasının müasirləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də media sahəsində islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. İftixarla qeyd etmək olar ki, bu gün ölkəmizdə milli maraqları qoruyan, müasir çağırışlara cavab verən və Cənubi Qafqazın aparıcı media məkanlarından biri hesab olunan media sistemi formalaşıb. Fəaliyyətində milli maraqları əsas prinsip kimi rəhbər tutan media mənsubları peşəkarlıq, prinsipiallıq və vətənə sədaqət nümayiş etdirirlər. Vətən müharibəsi günlərində informasiya cəbhəsində əldə olunan nailiyyətlərdə jurnalistlərimizin fədakar əməyinin xüsusi payı var. Azərbaycana qarşı aparılan qərəzli informasiya hücumlarının qarşısının alınmasında, dezinformasiyanın ifşa edilməsində, ölkəmizin ədalətli mövqeyinin və tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında mediamızın fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu gün də dövlətimizə və xalqımıza qarşı aparılan qərəzli və çirkin kampaniyalara qarşı mübarizədə jurnalistlərimiz ön sıralarda dayanırlar. Bu, informasiya cəbhəsində aparılan mübarizədə peşəkarlığın və vətəndaş mövqeyinin təzahürüdür. Hərbçilərimiz Vətənin keşiyində silahla dayanırlarsa, jurnalistlər də sözün kəsəri və həqiqətin gücü ilə milli maraqlarımızı qoruyurlar. Türk dünyasının liderləri Mustafa Kamal Atatürk mətbuatın millətin ümumi səsi olduğunu, Ulu öndər Heydər Əliyev isə medianın inkişafını cəmiyyətin inkişafının mühüm göstəricisi kimi dəyərləndirirdilər. Bu müdrik fikirlər mətbuatın cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini aydın şəkildə ortaya qoyur.

Ən əsası, daim inkişaf edən, cəmiyyətin vicdanı və ictimai fikrinin aynası olan milli mətbuatımız hər cür alqışa layiqdir!

Leyla Bayramova,

YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının fəal üzvü

Digər xəbərlər