Milli mətbuatımızın ilk addımı Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi "Əkinçi" qəzeti ilə atılmışdır. "Əkinçi" qəzeti Azərbaycan dilində nəşr olunan ilk qəzet idi və onun əsas məqsədi xalqı maarifləndirmək, elmi bilikləri yaymaq və kənd təsərrüfatını inkişaf etdirmək idi. Həsən bəy Zərdabi qəzetin təsisçisi və redaktoru olaraq Azərbaycan xalqının milli şüurunun formalaşmasında mühüm rol oynamışdır. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi.
Dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.
Müstəqilliyin bərpasından sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar bu sahədə də əsaslı dönüş yaratdı. 1998-ci ildə Ümummilli Lider tərəfindən dövlət senzurasının ləğv edilməsi ölkəmizdə söz və fikir azadlığının təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri oldu. Heydər Əliyev mətbuatın cəmiyyət həyatındakı əhəmiyyətini dərindərk edərək, onun qərəzsiz, çevik və operativ fəaliyyət göstərməsinin vacibliyini hər zaman vurğulamışdır. Məhz bu siyasət nəticəsində Azərbaycanda çoxsaylı müstəqil və özəl media qurumları yaranmış, mütərəqqi qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda Azərbaycan mətbuatı qəzet və jurnal nəşrlərini, informasiya agentliklərini, internet mediadan ibarət rəqəmsal platformaları əhatə edərək müasir dövrün tələblərinə uyğun inkişaf edir. 151 illik yubiley ərəfəsində əminliklə demək olar ki, milli mətbuatımız həm ənənəvi, həm də rəqəmsal formada dünya standartlarına uyğun səviyyəyə yüksəlmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın inkişafına yönəlmiş çoxsaylı proqramlar qəbul olunub, qanunvericilik bazası müasir dövrün tələblərinə uyğunlaşdırılıb, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması istiqamətində mühüm qərarlar qəbul edilib.
2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinin yaradılması, həmin ilin 30 dekabr tarixində “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin Media Reyestrinin formalaşdırılması, peşə standartlarının müəyyənləşdirilməsi, media subyektlərinə vergi güzəştlərinin tətbiqi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin mühüm nəticələridir. Bu islahatlar Azərbaycan mediasının rəqabət qabiliyyətinin artırılmasına, peşəkar jurnalistikanın inkişafına və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan mediası xüsusilə 44 günlük Vətən müharibəsi zamanı öz peşəkarlığını və vətənpərvərliyini bir daha nümayiş etdirdi. Jurnalistlər cəbhə bölgəsindən operativ məlumatlar hazırlamaqla yanaşı, beynəlxalq informasiya məkanında ölkəmizin haqlı mövqeyinin çatdırılması istiqamətində mühüm fəaliyyət göstərdilər. İnformasiya cəbhəsində qazanılan uğurlar Azərbaycanın hərbi-siyasi qələbəsini tamamlayan mühüm amillərdən biri oldu. Postmüharibə dövründə də media azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramını, regionda yaranan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq missiyasını uğurla davam etdirir.
Milli mətbuatın 150 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi, bu münasibətlə xüsusi yubiley medalının təsis olunması və media nümayəndələrinin dövlət tərəfindən yüksək təltiflərə layiq görülməsi Azərbaycanda jurnalist əməyinə verilən yüksək dəyərin və media siyasətinin uğurla həyata keçirilməsinin göstəricisidir.
Səbuhi Əliyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı