Azərbaycan və Slovakiya arasında siyasi əlaqələr yüksək etimad üzərində qurulub
Azərbaycan ilə Slovakiya Respublikası arasındakı diplomatik və siyasi münasibətlər, xüsusilə son illərdə həyata keçirilən yüksək səviyyəli dövlət səfərləri fonunda özünün ən məhsuldar və dinamik dövrünü yaşayır. 2026-cı il iyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən ali səviyyəli görüş, iki ölkə arasındakı dostluq bağlarının və strateji dialoqun yeni bir zirvəyə ucaldığını nümayiş etdirdi. Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir" bəyanatı, tərəflər arasında formalaşmış etibarlı tərəfdaşlığın, qarşılıqlı hörmətin və gələcəyə yönəlmiş ortaq baxışın ən bariz ifadəsidir.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin onunla Şuşada görüşü və verdiyi bəyanat Azərbaycan-Slovakiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.
Xüsusilə bu bəyanatın Azərbaycanın mədəni paytaxtı Şuşada səsləndirilməsi mühüm siyasi və simvolik məna daşıyır. Bu, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə, postmünaqişə dövründə aparılan bərpa-quruculuq siyasətinə və Qarabağın inkişafına verdiyi dəstəyin nümayişidir.
Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 1-də qurulub. Son otuz ildən artıq müddətdə tərəflər siyasi dialoqu, iqtisadi əməkdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri davamlı şəkildə inkişaf etdiriblər.
Slovakiya Azərbaycanın Avropa İttifaqındakı mühüm tərəfdaşlarından biri olmaqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat, sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Əlaqələrin inkişafında qarşılıqlı yüksək səviyyəli səfərlər xüsusi rol oynayıb. Prezident İlham Əliyevin 2024-cü ilin sonunda Slovakiyaya rəsmi səfəri zamanı imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin yeni hüquqi-siyasi bazasını formalaşdırdı. Şuşada Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sənəd kağız üzərində qalmayıb, artıq real layihələr və intensiv siyasi dialoq vasitəsilə praktik müstəviyə keçib.
Bu gün Azərbaycan və Slovakiya arasında siyasi əlaqələr yüksək etimad üzərində qurulub. Prezident Pelleqrinin Azərbaycana müxtəlif vəzifələrdə - parlament sədri, Baş nazir və Prezident kimi dəfələrlə səfər etməsi münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Onun COP29 tədbirində iştirakı, bu dəfə isə Qarabağa səfər etməsi Slovakiyanın Azərbaycanla əməkdaşlığa strateji yanaşmasının göstəricisidir.
Şuşada səsləndirilən bəyanatın diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında iştirakı oldu. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən "Ağıllı kənd" layihəsi artıq iki ölkə əməkdaşlığının konkret nəticələrindən biridir. Bu layihə göstərir ki, Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində yalnız siyasi dəstək vermir, eyni zamanda praktik investisiya və texnologiyalarla da iştirak edir.
Bu yanaşma "Böyük Qayıdış" proqramının beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilməsinin uğurlu nümunəsidir. Qarabağda "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının tətbiqi Azərbaycanın innovativ inkişaf modelinin tərkib hissəsidir və Slovakiyanın bu prosesdə iştirakı gələcək əməkdaşlıq üçün yeni imkanlar açır.
İkitərəfli münasibətlərdə enerji sektoru xüsusi yer tutur. Slovakiya Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın etibarlı tərəfdaş olduğunu qəbul edir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması enerji əməkdaşlığını daha da aktuallaşdırıb.
Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu artdıqca Slovakiya ilə enerji dialoqunun da genişlənməsi təbii prosesdir. Bununla yanaşı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Maşınqayırma, müdafiə sənayesi, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, yaşıl enerji, kənd təsərrüfatı və sənaye kooperasiyası gələcək əməkdaşlığın əsas istiqamətləri hesab olunur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri məhz bu istiqamətlər üzrə konkret layihələrin hazırlanmasına xidmət edir.
Azərbaycanın Avropa ilə əməkdaşlıq siyasətində Slovakiya mühüm tərəfdaşlardan biridir. Slovakiya da öz növbəsində Cənubi Qafqazda sabitliyin, nəqliyyat dəhlizlərinin inkişafının və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu baxımdan Orta Dəhliz layihəsi, Trans-Xəzər nəqliyyat marşrutu və Avropa-Asiya bağlantılarının inkişafı iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır.
Müasir dövrdə Azərbaycanın xarici siyasəti yalnız mövcud tərəfdaşlıqların qorunmasına deyil, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasına, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və davamlı sülhün təmin olunmasına xidmət göstərir. Məhz bu strateji kurs ölkəmizin gələcək inkişafının, beynəlxalq nüfuzunun və qlobal siyasətdə rolunun daha da artmasını təmin edən əsas amillərdir.
Rövşən Qurbanov,
YAP Goranboy rayon təşkilatının əməkdaşı