PDF Oxu

Siyasət

  • 1 075

22 iyul - millətin intibaha açılan qapısı - ŞƏRH

image

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.
Həsən bəy Zərdabi başda olmaqla qabaqcıl Azərbaycan ziyalılarının böyük ümidlərlə ərsəyə gətirdiyi “Əkinçi” çar imperiyasının təhdid və təzyiqləri nəticəsində cəmi iki il nəşr olunsa da milli düşüncənin sarsılmaz təməlini yaratdı və sonrakı mətbuat ənənələrinin ideya qaynağı oldu.
Mədəniyyətimizin, ictimai fikrimizin və milli özünüdərkimizin inkişafında mühüm rol oynayan bu irs sonrakı dövrlərdə “Molla Nəsrəddin”, “Füyuzat”, “Şərqi-Rus” və digər mətbu nəşrlərdə daha da zənginləşdirilərək maarifçilik hərəkatının aparıcı qüvvəsinə çevrildi. Çar Rusiyasının süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə mətbuat tamamilə dövlət nəzarətinə keçdi. Sovet imperiyası dövründə müstəqil media anlayışı faktiki olaraq mövcud deyildi. Kütləvi informasiya vasitələri yalnız kommunist ideologiyasının təbliği funksiyasını yerinə yetirir, cəmiyyətə obyektiv və alternativ informasiya çatdırmaq imkanından məhrum edilirdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyuldu. Müstəqil media formalaşmağa başlasa da ilk illərdə mövcud olan senzura və digər məhdudiyyətlər bu sahənin tam inkişafına maneə yaradırdı.
Dönüş nöqtəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verdi. Ulu öndərin həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində senzura ləğv olundu, latın qrafikalı Azərbaycan əlifbasına keçid təmin edildi, media sahəsinin hüquqi bazası təkmilləşdirildi və dövlətin mətbuata dəstəyi gücləndirildi. Bütün bunlar Azərbaycanda azad, peşəkar və milli maraqlara söykənən medianın inkişafı üçün möhkəm zəmin formalaşdırdı.
Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Medianın maddi-texniki bazasının müasirləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də media sahəsində islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. İftixarla qeyd etmək olar ki, bu gün ölkəmizdə milli maraqları qoruyan, müasir çağırışlara cavab verən və Cənubi Qafqazın aparıcı media məkanlarından biri hesab olunan media sistemi formalaşıb.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında torpaqlarımızın azadlığı naminə qələmini silaha dəyişən jurnalistlərimiz də az deyil.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən böyük missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü reallaşdırdı. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna dolğun və faktlara əsaslanan müsahibələri informasiya müharibəsində də Qələbə qazanmağımızda müstəsna rol oynadı.
Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Azərbaycan jurnalistləri bu gün də iş başındadır və haqq işimiz uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər. Azərbaycan mətbuatı bundan sonra da dövlətimizin və xalqımızın inkişafına, cəmiyyətimizin maariflənməsinə layiqli töhfələr verəcəkdir
22 iyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
Rövşən Qurbanov,
YAP Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər