Hər il 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və təbiətşünas Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə bağlıdır. "Əkinçi" yalnız ilk milli qəzetimiz deyil, həm də milli düşüncənin, maarifçiliyin, azərbaycançılıq ideologiyasının və müasir jurnalistikanın əsasını qoyan mətbuat məktəbidir.
Azərbaycan milli mətbuatı yaranmasından bu günə qədər mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmişdir. "Əkinçi"dən sonra "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Molla Nəsrəddin", "Füyuzat", "Açıq söz" kimi qəzet və jurnallar xalqın milli oyanışına, maariflənməsinə, azadlıq ideyalarının formalaşmasına mühüm töhfələr vermişdir.
Müstəqillik illərində isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev milli mətbuatın cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirərək deyirdi:
"Mətbuat xalqın güzgüsüdür. Demokratik cəmiyyətin inkişafı azad mətbuat olmadan mümkün deyildir."
Heydər Əliyevin rəhbərliyi dövründə senzuranın ləğvi Azərbaycan mətbuatının tarixində mühüm dönüş nöqtəsi oldu. 1998-ci ildə senzuranın tamamilə aradan qaldırılması ölkədə söz və fikir azadlığının genişlənməsinə, medianın müstəqilliyinin möhkəmlənməsinə şərait yaratdı.
Ümummilli Lider həmçinin vurğulayırdı:
"Azərbaycan mətbuatı yüksək səviyyəyə qalxmışdır və cəmiyyətimizin inkişafında mühüm rol oynayır."
Bu siyasət sonrakı dövrlərdə də uğurla davam etdirilmişdir.
Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzetinin əsas məqsədi xalqı maarifləndirmək, həqiqəti cəmiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri qorumaq və ictimai fikrin formalaşmasına xidmət etmək idi.
Bu gün də Azərbaycan jurnalistikası məhz həmin prinsipləri – obyektivlik, operativlik, vətənpərvərlik, peşəkarlıq və milli maraqlara sədaqəti rəhbər tutur. Müasir informasiya mühitində bu dəyərlər milli medianın əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Medianın institusional inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media qanunvericiliyinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Medianın İnkişafı Agentliyinin yaradılması, media subyektlərinə göstərilən dövlət dəstəyi, jurnalistlərin peşə fəaliyyətinin stimullaşdırılması və informasiya məkanının sağlamlaşdırılması bu sahədə həyata keçirilən mühüm addımlardandır.
150 illik zəngin tarixə malik Azərbaycan milli mətbuatı bu gün müasir inkişaf mərhələsini yaşayır. "Əkinçi"nin maarifçilik ənənələrinə sadiq qalan Azərbaycan mediası dövlətçilik maraqlarının qorunmasına, cəmiyyətin düzgün məlumatlandırılmasına, milli həmrəyliyin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına layiqli töhfələr verir.
Məhərrəm Hacıyev
YAP Kəngərli rayon təşkilatının fəalı