Azərbaycan Avropa üçün mühüm strateji tərəfdaşa çevrilib
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün paytaxt Romaya gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada onun üçün ayrılmış iqamətgahda Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda İtaliyanın "Edison" Şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul edib. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Edison" şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edildi. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Technip-İtaly şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.