Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan ilk milli qəzet --“Əkinçi”nin işıq üzü görməsi ilə bağlıdır. Cəmi 56 nömrəsi çap olunsa da, "Əkinçi" qəzeti milli mətbuatımızın təməlini qoymuş, xalqın maariflənməsində, ana dilinin inkişafında, milli özünüdərk hissinin güclənməsində və ictimai fikrin formalaşmasında mühüm rol oynamışdır. Bu səbəbdən iyulun 22-si Azərbaycan milli mətbuatının yaranma günü kimi tarixə düşmüş və ölkəmizdə peşə bayramı kimi qeyd olunur.
151 illik inkişaf yolu keçən Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdə cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik ideyalarının təbliğinə və ictimai rəyin formalaşmasına mühüm töhfələr vermişdir. Müasir dövrdə media yalnız informasiya mənbəyi deyil, həm də cəmiyyətlə dövlət arasında etibarlı körpü rolunu oynayan, milli maraqların müdafiəsində və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm missiya daşıyan təsisatdır. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan mediası peşəkarlıq və operativlik nümayiş etdirərək informasiya cəbhəsində ölkəmizin mövqeyinin müdafiəsində mühüm rol oynamışdır.
Azərbaycan mətbuatının inkişafı və söz azadlığının təmin olunması Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində daim xüsusi yer tutmuşdur. O, mətbuatı demokratik cəmiyyətin əsas sütunlarından biri hesab edir, jurnalistlərin cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi. Onun rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkədə azad mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Ulu öndər Heydər Əliyev bildirirdi ki, "Azad mətbuat hər bir demokratik dövlətin əsas atributlarından biridir." Bu siyasi irs müstəqil Azərbaycan mediasının inkişaf strategiyasının əsasını təşkil edir.
Ümummilli Liderin müəyyən etdiyi media siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın inkişafı, jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəsinin gücləndirilməsi və müasir informasiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Milli Mətbuat Günləri yüksək səviyyədə qeyd olunur, media nümayəndələri orden və medallarla təltif edilir, fəxri adlara layiq görülür, onların peşə fəaliyyətinə verilən dövlət qiyməti hər il öz təsdiqini tapır.
Dövlət başçısının jurnalistlərə göstərdiyi diqqət və qayğının ən parlaq nümunələrindən biri onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda jurnalistlər üçün çoxmənzilli yaşayış binaları inşa edilmiş, yüzlərlə media əməkdaşı mənzillərlə təmin olunmuşdur. Bu layihələr dövlətin mətbuat nümayəndələrinə göstərdiyi yüksək etimadın, onların əməyinə verilən dəyərin və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətin bariz ifadəsidir.
Son illərdə media sahəsində aparılan islahatlar da Azərbaycan jurnalistikasının inkişafına yeni imkanlar yaradıb. Müasir qanunvericilik bazasının formalaşdırılması, media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, rəqəmsal medianın inkişafının dəstəklənməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və peşəkar jurnalistikanın təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan mediası milli maraqları daim üstün tutmalı, obyektivlik, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır. Dövlət başçısı qeyd edir ki, informasiya məkanında gedən qlobal proseslər şəraitində jurnalistlərin üzərinə daha böyük məsuliyyət düşür və onlar ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynamalıdırlar.
Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan milli sözünün, azad fikrin və sağlam ictimai düşüncənin bayramıdır. Zəngin ənənələrə malik Azərbaycan mətbuatı bu gün də dövlətçilik maraqlarına sadiq qalaraq cəmiyyətin obyektiv məlumatlandırılması, milli dəyərlərin təbliği və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi istiqamətində öz şərəfli missiyasını uğurla davam etdirir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri