PDF Oxu

Siyasət

  • 1 330

Milli Mətbuatımız – xalqın səsi, dövlətçiliyimizin güzgüsü - ŞƏRH

image

1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bu tarixi hadisə xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və ictimai fikrin inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Məhz buna görə də hər il 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan mətbuatı yarandığı gündən müddətdə böyük inkişaf yolu keçmişdir. "Əkinçi"dən sonra nəşr olunan çoxsaylı qəzet və jurnallar xalqın maariflənməsinə, milli düşüncənin inkişafına, azadlıq ideyalarının yayılmasına və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr vermişdir. Tarixin müxtəlif dövrlərində mətbuat nümayəndələri böyük çətinliklərə baxmayaraq, cəmiyyətin doğru informasiya əldə etməsi üçün fədakarlıqla çalışmışlar.
Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamış, söz və fikir azadlığının təmin olunması istiqamətində mühüm addımlar atmışdır. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi milli mətbuat tarixində ən mühüm hadisələrdən biri olmuşdur. Bu qərar azad medianın inkişafına geniş imkanlar yaratmışdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən informasiya siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində islahatların həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan mediası rəqəmsal transformasiya dövründə yeni imkanlar qazanaraq cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında mühüm rol oynayır.
Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Sosial şəbəkələrin və internet mediasının geniş yayılması xəbərin daha sürətli çatdırılmasına şərait yaratsa da, dezinformasiyanın qarşısının alınmasını da vacib məsələyə çevirir. Peşəkar jurnalistikanın əsas vəzifəsi həqiqəti qorumaq, dəqiq və qərəzsiz informasiya təqdim etməkdir. Etibarlı media cəmiyyətin düzgün məlumatlandırılmasının, ictimai etimadın və milli həmrəyliyin əsas dayaqlarından biridir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri böyük fədakarlıq göstərərək cəbhədən operativ məlumatlar çatdırmış, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün əzmlə çalışmışlar. Onların fəaliyyəti informasiya cəbhəsində qazanılan uğurların mühüm hissəsi olmuşdur. Həqiqətlərin beynəlxalq aləmə çatdırılması Azərbaycanın informasiya siyasətinin mühüm nailiyyətlərindən biri kimi tarixə düşmüşdür.

Milli mətbuat yalnız xəbərlərin yayılması vasitəsi deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin saflığının təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli birlik ideyasının möhkəmləndirilməsi baxımından mühüm missiya daşıyır. Mətbuat xalqın tarixi yaddaşını yaşadır, mədəni irsimizi təbliğ edir və cəmiyyətin inkişafına xidmət edir.
Bugünkü Azərbaycan mediası müasir texnologiyalar əsasında fəaliyyət göstərərək ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, dövlətçilik maraqlarının müdafiəsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə öz töhfəsini verir. Jurnalist peşəsi böyük məsuliyyət, yüksək peşəkarlıq və vətən sevgisi tələb edir. Bu məsuliyyətli peşənin sahibləri cəmiyyətin etibarını doğrultmaq üçün daim obyektivlik və dürüstlük prinsiplərinə sadiq qalmalıdırlar.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri və qələm adamlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Qələmi həqiqətin, sözü isə xalqın mənafeyinin xidmətində olan Azərbaycan mətbuatı bundan sonra da dövlətimizin və xalqımızın inkişafına layiqli töhfələr verməyə davam edəcəkdir.

Şükufə Bağırova

YAP Culfa şəhər İncəsənət məktəbi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər