Azərbaycan cəmiyyətinin inkişaf tarixində milli mətbuatın xüsusi yeri və rolu vardır. Xalqın maariflənməsi, ictimai fikrin formalaşması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mətbuat hər zaman mühüm missiya daşıyıb. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan mediası həqiqətin carçısı kimi çıxış edərək cəmiyyətin informasiya təminatında, milli maraqların müdafiəsində və vətəndaş həmrəyliyinin gücləndirilməsində əvəzsiz rol oynayıb. Bu mənada hər il iyulun 22-də qeyd olunan Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan milli mətbuatının keçdiyi şərəfli inkişaf yoluna, bu sahədə xidmətləri olan qələm adamlarının zəhmətinə verilən yüksək dəyərin ifadəsidir.
1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və təbiətşünas Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Ana dilində nəşr olunan bu qəzet xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, elm və təhsilin təbliğinə xidmət etməklə yanaşı, gələcək milli mətbuat ənənələrinin də təməlini yaratdı. Sonrakı dövrlərdə fəaliyyət göstərən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Füyuzat”, “Molla Nəsrəddin” və digər mətbuat orqanları bu ənənəni davam etdirərək Azərbaycan ictimai fikrinin inkişafına mühüm töhfələr verdilər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafında yeni mərhələ başlandı. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın sərbəst fəaliyyəti üçün mühüm hüquqi və siyasi baza formalaşdırıldı. Ulu Öndər mətbuatı demokratik cəmiyyətin ayrılmaz hissəsi hesab edir, söz və fikir azadlığının təmin edilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi qiymətləndirirdi. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması məhz Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi və bu qərar milli mətbuat tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Bununla yanaşı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin fəaliyyətinə dövlət dəstəyinin artırılması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi media siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, informasiya məkanının müasir tələblərə uyğun inkişafı təmin olunur. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin peşəkarlığının artırılması, rəqəmsal medianın inkişafının dəstəklənməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsidir.
Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, güclü dövlətin formalaşmasında güclü və məsuliyyətli medianın rolu əvəzsizdir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, onların peşə fəaliyyətinin dəstəklənməsi və media nümayəndələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət Azərbaycan mediasının müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərməsinə və beynəlxalq informasiya məkanında mövqeyini daha da möhkəmləndirməsinə xidmət edir.
Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirdi. Jurnalistlər cəbhədən operativ məlumatlar təqdim etməklə yanaşı, Ermənistanın yaydığı dezinformasiyaların ifşa olunmasında, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında və informasiya cəbhəsində qazanılan uğurlarda mühüm rol oynadılar. Bu, ölkəmizdə formalaşmış peşəkar media mühitinin və dövlət-media əməkdaşlığının mühüm nəticələrindən biri kimi qiymətləndirilir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı jurnalistikanın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Operativliklə yanaşı, obyektivlik, peşə etikası, dəqiq informasiya təqdimatı və milli maraqların qorunması hər bir media nümayəndəsinin əsas fəaliyyət prinsipi olmalıdır. Cəmiyyətin etibarlı informasiya ilə təmin olunması, dezinformasiyaya qarşı mübarizə və ictimai etimadın qorunması medianın ən mühüm missiyalarından biri olaraq qalır.
Bu gün 150 illik zəngin tarixə malik Azərbaycan milli mətbuatı özünün ənənələrinə sadiq qalaraq inkişafını davam etdirir. Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat məktəbi, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-media münasibətləri siyasəti və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi ardıcıl diqqət və qayğı nəticəsində Azərbaycan mediası yeni uğurlara imza atır. Milli Mətbuat Günü isə bu şərəfli yolun memarlarına ehtiramın, jurnalist peşəsinə verilən yüksək dəyərin və milli mətbuatımızın gələcək inkişafına olan inamın təntənəsidir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri