Müasir dövrdə etibarlı və milli maraqlara xidmət edən informasiya resurslarının inkişafı strateji əhəmiyyət daşıyır. Azərbaycanın informasiya məkanında fəaliyyət göstərən xəbər agentlikləri, televiziya kanalları, elektron media platformaları və rəqəmsal informasiya sistemləri beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Rəqəmsal transformasiya dövründə internet jurnalistikası Azərbaycanda sürətlə inkişaf edir. Elektron media, xəbər portalları, multimedia platformaları və sosial media resursları operativ informasiya yayımının əsas vasitələrinə çevrilmişdir.
Süni intellekt, rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələrinin tətbiqi milli medianın fəaliyyət imkanlarını daha da genişləndirir. İnformasiya müharibələrinin getdikcə intensivləşdiyi müasir dövrdə peşəkar internet jurnalistikası dövlət maraqlarının qorunmasında mühüm rol oynayır.
Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Bu təcrübə milli informasiya resurslarının nə qədər vacib olduğunu bir daha göstərdi.
2025-ci il Milli Mətbuat Gününün ən mühüm tarixi hadisələrindən biri Azərbaycan jurnalistlərinin peşə bayramını ilk dəfə işğaldan azad olunmuş Şuşa şəhərində qeyd etməsidir.
Bu, təkcə media nümayəndələri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir. Qarabağın mədəniyyət paytaxtı olan Şuşada Milli Mətbuat Gününün qeyd edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpasının, milli birliyin və dövlətimizin qüdrətinin rəmzidir.
Bu münasibətlə Prezident cənab İlham Əliyev jurnalistlərə ünvanladığı təbrik məktubunda vurğulamışdır ki, Azərbaycan mediası milli maraqların qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində, cəmiyyətin obyektiv məlumatlandırılmasında və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm rol oynayır. Dövlət başçısı jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışdır.
Artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu Azərbaycanı beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevirib. Dünyanın onlarla ölkəsindən yüzlərlə media rəhbərinin, jurnalistin, ekspertin və beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi forum müasir informasiya təhlükəsizliyi, süni intellekt, dezinformasiya ilə mübarizə və media əməkdaşlığı mövzularında geniş müzakirələrin aparıldığı nüfuzlu platformadır.
Şuşada keçirilən bu forum Azərbaycanın beynəlxalq media siyasətində artan rolunu, ölkəmizin qlobal informasiya məkanında nüfuzunu və açıq dialoq təşəbbüslərini bir daha nümayiş etdirir.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı