Dövlət başçısı daim jurnalistlərin peşəkar əməyinə yüksək qiymət verir. Prezident İlham Əliyevin mətbuatla bağlı imzaladığı sərəncamlar və onun bu sahəyə olan diqqəti jurnalistlər tərəfindən yüksək dəyərləndirilir.Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər, onların öz iradələrini azad ifadə etmələri üçün bütün zəruri imkanlar yaradılıb.Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilir, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Həmçinin, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.
Şəfəq Balaşova,
Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri.