Prezident İlham Əliyev: “Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək”
Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsinə maraq göstərir. Etibarlı tərəfdaş kimi münasibətlərin ildən-ilə inkişaf etdirilməsində dövlət başçılarının qarşılıqlı səfərləri önəmlidir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə Almaniya arasında diplomatik münasibətlər qurulmuşdur. Ötən müddət ərizində, diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Prezident Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixdə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkəyə rəsmi səfəri zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri aydın şəkildə müzakirə edilib, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Ötən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb. Ulu Öndərin siyasi kursunun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 24-26 avqust 2004-cü ildə Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu və ya digər rəsmi səfərlər ölkələr arasında olan əlaqələrin möhkəmlənməsinə təsirini göstərib. Ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramında mühüm rol oynaması əlbəttə ki, Almaniyanın ölkəmizə marağının artmasında rol oynayıb. Həm Almaniya, həm də Avropa İttifaqı üçün tərəfdaş olan Azərbaycan Almaniyanın və Avropa İttifaqının enerji təchizatı üçün böyük potensiala malik olan ölkəyə çevrilib.
“ÖLKƏMİZ ARTIQ ALMANİYA VƏ AVSTRİYAYA DA QAZ İXRAC EDİR”
Azərbaycan Prezidenti İlham Əliyevin İyulun 21-də Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının təzahürüdür. Səfər çərçivəsində Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub. Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini deyib. Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub. Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb. Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlanıb, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib. Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.
“BİZ ARTIQ STRATEJİ DİALOQUN BAŞLANMASINI ARZULAYIRDIQ VƏ BUNA NAİL OLMUŞUQ”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalayıblar. Bu sənəd Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir. Birgə Bəyannamədə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ayrıca strateji istiqamət kimi öz əksini tapır. Müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, mina təmizlənməsi, kibertəhlükəsizlik və transmilli təhdidlərə qarşı birgə fəaliyyət münasibətlərin daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Almaniyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə və regionda davamlı sülhün təmin olunmasına dəstəyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. “Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq”. Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
“AZƏRBAYCAN ÖZ NEFTİNİ DƏ ALMANİYAYA İXRAC EDİR VƏ GƏLƏCƏKDƏ YAŞIL ENERJİSİNİ DƏ AVROPA MƏKANINA ÇATDIRMAQ ƏZMİNDƏDİR”
Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək”.
Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir.
Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. “Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər”. Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır”.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. “Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir”. Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib. “Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezidentin Almaniyaya səfəri təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal geosiyasi reallıqlar kontekstində Avropanın və xüsusilə onun iqtisadi lokomotivi olan Almaniyanın Cənubi Qafqaza baxışındakı köklü transformasiyanın əyani təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI