22 iyul Azərbaycan milli mətbuatının yaranmasının ildönümü kimi ölkəmizdə böyük ehtiramla qeyd olunur. Bu əlamətdar günün əsası 1875-ci il iyulun 22-də böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulmuşdur. "Əkinçi" təkcə ilk Azərbaycan dilli qəzet deyil, həm də xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına xidmət edən mühüm bir məktəb olmuşdur.
Ötən 151 il ərzində Azərbaycan mətbuatı şərəfli inkişaf yolu keçərək cəmiyyətin həyatında mühüm rol oynamışdır. Müxtəlif tarixi dövrlərdə mətbuat milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq ideologiyasının təbliğinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və ictimai həmrəyliyin güclənməsinə öz töhfəsini vermişdir. Bu gün də media cəmiyyətin məlumatlandırılması, ictimai rəyin formalaşdırılması və dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsünün qurulmasında mühüm missiya daşıyır.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişləndirilməsi, senzuranın ləğvi və jurnalistlərin fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar, müasir informasiya mühitinin formalaşdırılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və peşəkar medianın inkişafına göstərilən diqqət milli mətbuatın daha da güclənməsinə şərait yaradıb. Xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynayıb.
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı medianın fəaliyyət istiqamətlərini daha da genişləndirib. Operativlik, dəqiqlik və obyektivlik jurnalistikanın əsas prinsipləri olaraq qalır. Dezinformasiyaya qarşı mübarizə, etibarlı informasiya məkanının qorunması və peşə etikası hər bir media nümayəndəsinin əsas vəzifələrindən biridir.
22 İyul – Milli Mətbuat Günü həm də cəmiyyətimizin maariflənməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə və milli maraqlarımızın müdafiəsinə xidmət edən bütün jurnalistlərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Bu əlamətdar gün münasibətilə bütün mətbuat işçilərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, qələmlərinə qüvvət və fəaliyyətlərində daim nailiyyətlər arzulayırıq. Azərbaycan mətbuatı bundan sonra da milli maraqların qorunmasına, həqiqətlərin dünyaya çatdırılmasına və cəmiyyətimizin inkişafına layiqli töhfələr verməyə davam edəcəkdir.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi