Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan jurnalistlərini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir, onlara bu şərəfli yolda uğur və müvəffəqiyyətlər arzulayıram.
Heç kimə sirr deyil ki, Azərbaycanın informasiya təhlükəsizliyinin qorumasında, ölkəmizə qarşı yalan və böhtanların çevik şəkildə ifşasında, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında jurnalistlərimizin xüsusi əməyi mövcuddur. Məhz onlar Prezident İlham Əliyevin çağırışına uyğun olaraq hər zaman ciddi ayıq-sayıqlıq sərgiləyib, media və sosial media məkanında baş verənlərə adekvat reaksiya nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri erməni faşizmi ilə ölüm-dirim mübarizəsi apararkən, Azərbaycan jurnalistləri eyni mübarizəni media müstəvisində aparıb, düşmənin təxribatçı fəaliyyətinin qarşısının alınmasında mühüm rol oynayıblar. Onların bu mübarizəsi post-müharibə dönəmində də davam edib, böyük uğurlarla yadda qalıb. Bu fakt jurnalistlərimizin əməyinin böyüklüyündən, onların gərgin iş rejimindən, mənəvi fədakarlığından xəbər verir. Bu da bir həqiqətdir ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərimizin əməyinə hər zaman böyük hörmət və ehtiramla yanaşıb, onlara xüsusi diqqət və qayğı göstərib.
Mən bir daha veteranlar adından jurnalistlərimizi təbrik edir, onların hər birinə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər diləyirəm. Əminəm ki, jurnalistlərimiz bundan sonra da dövlətimizin hər bir çağırışını anındaca cavab verəcək, milli maraq və mənafeyimizi media müstəvisində qətiyyətlə müdafiə edəcəklər”.