Azərbaycanda ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən, maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.
Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Rəqəmsallaşma, internet qəzetçiliyin inkişafı, süni intellektin tətbiqi, media savadlılığının artırılması və dezinformasiyaya qarşı mübarizə jurnalistikanın yeni çağırışlarını formalaşdırır. Azərbaycan mediası artıq qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib və bu prosesdə peşəkarlıq, qərəzsizlik, milli maraqlara sadiqlik kimi prinsiplər ön plandadır.Mətbuata dövlət dəstəyi bu gün də davam etdirilir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla media sahəsində vergi güzəştləri tətbiq olunmuş, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər görülmüşdür. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, informasiya mühitinin sağlamlaşdırılması və milli informasiya resurslarının qlobal miqyasda rəqabətə davamlı olması üçün stimullaşdırıcı mexanizmlər yaradılmışdır.
Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu.
Sizin peşəkarlığınız, cəsarətiniz və vətənpərvərliyiniz xalqımızın həqiqətə gedən yolunu işıqlandırır.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı