“İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü tamam olur. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Xüsusilə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin mətbuatının inkişafında yeni mərhələ başlayıb və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edilib. Məlumdur ki, cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev milli maraqlarımızın qorunmasında mətbuatın fəaliyyətini dəyərləndirərək vurğulayıb: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar mövcuddur. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində baş verib. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini də zərurətə çevirdi. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. 30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun qəbul olundan sonra daha da təkmilləşdirilib, əlavə və dəyişikliklər edilib. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması da media sahəsində aparılan islahatların mühüm tərkib hissəsi idi. Lakin həyat davam edir, bu sahədə də islahatların aparılması zərurətə çevrilir. Belə ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi bu il iyulun 14-ü Milli Məclisdə qəbul olunub. Qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Media və Yayım Şurasının yurisdiksiyasına media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, jurnalistlərin peşəkarlığını və məsuliyyətini artırmaq, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək, dezinformasiyanın yayılmasının qarşısının almaq, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək və s. daxil olacaq.
“Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib”,-deyən Pərvin Kərimzadə milli mətbuatımızın vətənpərvərlik ruhunu da təqdir edib. Onun sözlərinə görə, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
“Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür”, -deyən Pərvin Kərimzadə media nümayəndələrini 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.