Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamet oğlunun mövlud günü münasibətilə məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Ziyarətdən sonra Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Nurlan Mustafayevin xatirəsinə ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mustafayev Nurlan Hamet oğlu sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları” 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, şəhadətindən sonra isə “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!