İyulun 22-si Azərbaycan xalqının ictimai fikir tarixində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Məhz 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində nəşr olunan ilk qəzet – "Əkinçi" işıq üzü gördü. Bu hadisə milli mətbuatımızın əsasını qoymaqla yanaşı, xalqın maariflənməsi, ana dilinin qorunması, milli özünüdərkin gücləndirilməsi və ictimai şüurun inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Bu gün artıq 151 illik zəngin tarixə malik Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək onun inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Ulu Öndərin rəhbərliyi ilə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün etibarlı hüquqi baza yaradıldı, 1998-ci ildə senzuranın ləğvi ilə Azərbaycanda söz və məlumat azadlığının inkişafında yeni mərhələ başlandı. Heydər Əliyevin müəyyən etdiyi bu strateji kurs milli jurnalistikanın müstəqil inkişafının əsasını təşkil etdi.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində mühüm institusional islahatlar həyata keçirilmiş, jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəsinin gücləndirilməsi və müasir informasiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla media nümayəndələri mütəmadi olaraq dövlət mükafatları, orden və medallarla təltif edilir, fəxri adlara layiq görülürlər. Bu, dövlətin jurnalist əməyinə verdiyi yüksək qiymətin bariz ifadəsidir.
Dövlət başçısının təşəbbüsü ilə jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr də xüsusi əhəmiyyət daşıyır. Bakıda media nümayəndələri üçün inşa olunan yaşayış binalarında yüzlərlə jurnalist mənzillə təmin edilmiş, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda, media sahəsinin müasir tələblərə uyğun inkişafını təmin etmək məqsədilə qanunvericilik bazası təkmilləşdirilmiş, yeni institusional mexanizmlər yaradılmış, rəqəmsal medianın inkişafına geniş dəstək göstərilmişdir.
Prezident İlham Əliyevin 2025-ci il 25 aprel tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması dövlətimizin milli mətbuatın tarixi irsinə və jurnalistlərin fəaliyyətinə verdiyi yüksək dəyərin növbəti təsdiqi oldu. Bu yubiley yalnız keçilən yolun qiymətləndirilməsi deyil, həm də milli medianın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə Azərbaycan jurnalistlərinin üzərinə böyük məsuliyyət düşür. Qlobal informasiya məkanında milli maraqların müdafiəsi, dezinformasiyaya qarşı mübarizə, dövlətimizin əldə etdiyi uğurların dünya ictimaiyyətinə düzgün çatdırılması, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması peşəkar medianın əsas vəzifələrindəndir. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan mediasının nümayiş etdirdiyi peşəkarlıq və vətənpərvərlik bu sahənin dövlətçilik ənənələrinə sadiqliyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Bunun bariz nümunələrindən biri Şuşada keçirilən Qlobal Media Forumudur. Artıq ənənə halını alan Forum müxtəlif ölkələrdən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək müasir jurnalistikanın aktual problemlərinin, dezinformasiyaya qarşı mübarizənin, rəqəmsal medianın inkişafının və qlobal informasiya təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib. Bu Forum Azərbaycanın media sahəsində beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni, milli mətbuatın nüfuzunun artdığını və ölkəmizin qlobal informasiya məkanında fəal rol oynadığını bir daha təsdiq edir.
Milli Mətbuat Günü Azərbaycanın zəngin jurnalistika ənənələrinə ehtiramın ifadəsi olmaqla yanaşı, qələmi ilə cəmiyyətə xidmət edən bütün media nümayəndələrinin əməyinə verilən yüksək qiymətin təcəssümüdür.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı