Azərbaycan milli mətbuatı xalqımızın ictimai-siyasi fikir tarixində mühüm yer tutur. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu dəyərli fikir milli mətbuatımızın keçdiyi yolun mahiyyətini və cəmiyyət həyatındakı əhəmiyyətini aydın şəkildə ifadə edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və azadlıq ideyalarının yayılmasına misilsiz töhfələr vermişdir.
Azərbaycan mətbuatı tarix boyu ən çətin dövrlərdə belə xalqın haqq səsini ucaldaraq milli maraqların müdafiəsində ön sıralarda dayanmışdır. Çar Rusiyası dövründə, Azərbaycan Xalq Cümhuriyyəti illərində, sovet hakimiyyəti zamanı və müstəqillik dövründə mətbuat ictimai fikrin formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına və azərbaycançılıq ideologiyasının təbliğinə xidmət etmişdir. Mətbuat yalnız informasiya mənbəyi deyil, həm də milli kimliyin, vətənpərvərlik ruhunun və dövlətçilik şüurunun inkişafında mühüm vasitə olmuşdur.
Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə mətbuatın inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Xüsusilə 1998-ci ildə senzuranın ləğvi Azərbaycan mətbuatının tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu addım söz və fikir azadlığının daha da genişlənməsinə, müstəqil medianın formalaşmasına və jurnalistikanın inkişafına güclü təkan verdi. Ulu Öndərin müəyyənləşdirdiyi media siyasəti bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar milli mətbuatın müasir dövrün tələblərinə uyğun inkişafını təmin edir. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan mediası operativlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə jurnalistlər informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadılar.
22 İyul – Milli Mətbuat Günü yalnız peşə bayramı deyil, həm də milli sözün, azad fikrin və dövlətçilik ənənələrinin təntənəsidir. Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, qələmlərinə qüvvət və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da milli maraqların qorunmasına, həqiqətin müdafiəsinə və dövlətimizin inkişafına layiqli töhfələr verməyə davam edəcəkdir.
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının əməkdaşı