Azərbaycan Prezidentinin əfv haqqında Sərəncamı dünyanın aparıcı təşkilatları tərəfindən təqdir edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2011-ci il 26 may tarixli Sərəncamı beynəlxalq və xarici təşkilatlar tərəfindən təqdir olunub, Azərbaycanın demokratik inkişaf kursuna uyğun olaraq ölkədə söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş mühüm irəliləyiş kimi qiymətləndirilib. Mərkəzi ofisi Vyanada yerləşən nüfuzlu Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel MakKenzi tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubda qeyd edilib ki, Azərbaycan Prezidentinin xoşməramlı addımı bir çox təşkilatlar kimi, Beynəlxalq Mətbuat İnstitutunu da razı salıb və təqdirəlayiq hesab olunub. Xanım A.MakKenzi Beynəlxalq Mətbuat İnstitutunun bundan sonra da söz və məlumat azadlığının inkişaf etdirilməsi sahəsində Azərbaycan hökuməti ilə birgə çalışmaqda davam edəcəyini vurğulayıb.