Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Səfər zamanı iqtisadi, siyasi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, xüsusilə tranzit imkanlarının artırılması və qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi əsas müzakirə mövzularından oldu.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, bağlantılar və tranzit imkanları ilə bağlı Azərbaycan–Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti vardır. Almaniya yüksək texnologiyalar, müasir logistika və nəqliyyat infrastrukturu sahəsində zəngin təcrübəyə malik ölkədir. Alman şirkətlərinin bu istiqamətdə əldə etdiyi uğurlar Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ilə vəhdət təşkil edərək yeni əməkdaşlıq imkanları yaradır.
Son illərdə Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirib. Dəmir yollarının yenilənməsi, avtomobil magistrallarının genişləndirilməsi, dəniz limanlarının və logistika mərkəzlərinin inkişafı ölkəmizin beynəlxalq yükdaşımalarda rolunu daha da artırıb. Bu baxımdan Almaniyanın qabaqcıl texnologiyaları və investisiya potensialı Azərbaycanın tranzit imkanlarının daha da gücləndirilməsinə əhəmiyyətli töhfə verə bilər.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın ötən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin geostrateji mövqeyini daha da möhkəmləndirib. Azərbaycan bu gün Orta Asiya ilə Avropa arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, etibarlı və təhlükəsiz nəqliyyat dəhlizlərinə tələbatın artdığı bir dövrdə ölkəmizin bu rolu getdikcə daha da əhəmiyyətli xarakter alır.
Almaniya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi yalnız iki ölkənin iqtisadi maraqlarına xidmət etmir, eyni zamanda Avrasiya məkanında dayanıqlı nəqliyyat şəbəkələrinin inkişafına mühüm töhfə verir. Orta Dəhliz üzrə daşımaların həcminin artması, rəqəmsal logistika sistemlərinin tətbiqi və nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi Azərbaycanı regionun əsas logistika mərkəzlərindən birinə çevirir.
Səfər çərçivəsində imzalanmış Birgə Bəyannamə də əməkdaşlığın gələcək inkişafı üçün mühüm yol xəritəsi hesab olunur. Prezident İlham Əliyev bildirdi ki, sənədin icrası ilə bağlı aparılan fikir mübadiləsi zamanı konkret təkliflər irəli sürülüb və bir neçə işçi qrup yaradılacaq. Bu qrupların əsas məqsədi imzalanmış sənədlərin qısa müddətdə praktiki nəticələr verməsini təmin etmək, nəzərdə tutulan layihələri operativ şəkildə həyata keçirməkdir.
Azərbaycanın xarici siyasətində qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, etibarlı tərəfdaşlıq və regional sabitliyin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Almaniya ilə münasibətlərin yeni məzmun qazanması isə ölkəmizin Avropanın aparıcı dövlətləri ilə strateji əməkdaşlığının daha da dərinləşdiyini göstərir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və bu səfər zamanı səsləndirilən mesajlar onu göstərir ki, Azərbaycan nəqliyyat və logistika sahəsində regional lider mövqeyini daha da möhkəmləndirmək əzmindədir. Tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və imzalanmış sənədlərin uğurla icrası ölkəmizin iqtisadi inkişafına, regionun nəqliyyat xəritəsində strateji mövqeyinin güclənməsinə və Azərbaycan–Almaniya münasibətlərinin uzunmüddətli perspektivdə daha da inkişaf etməsinə mühüm töhfə verəcək.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı