PDF Oxu

Siyasət

  • 862

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var - ŞƏRH

image

Azərbaycan-Almaniya iqtisadi əlaqələri getdikcə genişlənir və bundan hər iki tərəf faydalanır. İki ölkə arasında enerji, ticarət, investisiya, texnologiya və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimiz bir-birinin etibarlı tərəfdaşı olduğunu artıq təsdiqləyib.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iqtisadi əməkdaşlığın inkişafına yeni bir təkan verdi. Səfər çərçivəsində vacib məqamlardan biri iyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması oldu. Azərbaycan Prezidenti və Almaniya Federativ Respublikasının Federal Kansleri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"ni imzaladılar. Tədbirdə imzalanan digər mühüm sənəd isə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamədir.

Dövlətimizin başçısının Almaniya Federativ Respublikasının Federal Kansleri ilə geniş tərkibdə görüşündə də məhz ölkələrimiz arasında strateji gündəliyə dair imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb. Həmçinin sənədlərdən irəli gələrək müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edilib. Əslində bu, hər iki ölkənin şirkətlərinə əməkdaşlığı genişləndirmək üçün verilən bir mesaj, yaradılan şərait və imkandır.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb. Müzakirələr zamanı Almaniya Prezidentinin dünyada gedən mürəkkəb proseslər fonunda Azərbaycanı və Almaniyanı "sabitlik adası" kimi xarakterizə etməsi səfərin siyasi çəkisini göstərən mühüm məqamdır. Bu bəyanat Berlinin Bakını Mərkəzi Avrasiya məkanında regional təhlükəsizliyi və proqnozlaşdırılan siyasəti təmin edən etibarlı geosiyasi tərəfdaş kimi qəbul etdiyini sübut edir. Bəzi Qərb paytaxtlarının tərəfli yanaşmalarından fərqli olaraq, Almaniya rəhbərliyi Cənubi Qafqazla bağlı daha balanslı və konstruktiv siyasət yürütməyi üstün tutur.

Görüşlərdə enerji təhlükəsizliyi müstəvisində də əhəmiyyətli mesajlar verilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında oynadığı rola toxunaraq, ölkəmizin Almaniya və Avstriyaya təbii qaz ixrac etdiyini diqqətə çatdırıb. "Cənub qaz dəhlizi" və İtaliyanın qazpaylayıcı şəbəkəsi vasitəsilə SOCAR Almaniya şirkətlərini illik təxminən 2 milyard kubmetr həcmində təbii qazla təmin edir. Avropa İttifaqına ixrac edilən Azərbaycan qazının təxminən 90 faizini İtaliya qəbul etdiyindən Almaniya müəssisələri bu resursu Avropanın vahid infrastrukturu daxilindəki svop-əməliyyatları sayəsində əldə edirlər. Təxminən on il müddətinə nəzərdə tutulan bu uzunmüddətli anlaşmalar Almaniyanın enerji təchizatında tək mənşədən asılılığını azaldır, Azərbaycanı isə Avropanın enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2025-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramının imzalanması da bu münasibətlərin institusional xarakter aldığını göstərir.

Daha geniş müstəvidə bu proseslər Avropa İttifaqının ümumi siyasəti ilə sıx bağlıdır. Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir. Karbohidrogen resursları ilə yanaşı, "yaşıl enerji"nin ixracı da tərəfdaşlığın yeni strateji istiqamətinə çevrilir. Almaniya Azərbaycanın külək və günəş enerjisi potensialından istifadədə son dərəcə maraqlıdır. Bu, Avropaya enerji mənbələrini şaxələndirmək imkanı verir, Azərbaycana isə bərpaolunan enerji potensialını ixrac məhsuluna çevirmək şansı yaradır.

İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq prosesinə inteqrasiyasıdır. Azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları alman sənaye nəhənglərinin texnoloji imkanları ilə üst-üstə düşür. Almaniyanın alternativ enerji, şəhərsalma, su resurslarının idarə olunması və ətraf mühitin mühafizəsi sahəsindəki qabaqcıl təcrübəsi bölgədə aparılan genişmiqyaslı reabilitasiya işlərinə mühüm töhfə verə bilər. Bu da alman investorları üçün Azərbaycanda tamamilə yeni və gəlirli fəaliyyət meydanı açır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər