Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır.Azərbaycan və Almaniya arasındakı münasibətlər qədim tarixə malikdir.Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Hər iki ölkə arasındakı əlaqələr ticarət, sənaye, mədəniyyət və təhsil sahələrində inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb.Humanitar sahədə əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlər, sərgilər və festivallar təşkil edilir ki, bu da xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini daha da gücləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər zamanı imzalanan sənədlər, səsləndirilən bəyanatlar və müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri göstərir ki, Azərbaycan ilə Almaniya arasında tərəfdaşlıq artıq yeni strateji məzmun qazanır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, imzalanmış Birgə Bəyannamə və digər sənədlər iki ölkə arasında strateji dialoqun əsasını daha da möhkəmləndirəcək, siyasi münasibətlərlə yanaşı, iqtisadi, enerji, nəqliyyat, investisiya və biznes sahələrində əməkdaşlığın genişlənməsinə güclü təkan verəcək. Bu, yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında xüsusi rol oynayır. Son illər ölkələr arasında siyasi dialoqun intensivləşməsi qarşılıqlı etimadın daha da artdığını göstərir. Məhz bu etimadın nəticəsidir ki, tərəflər strateji gündəliyin formalaşdırılması istiqamətində mühüm addımlar ataraq münasibətləri daha yüksək səviyyəyə yüksəltmək əzmində olduqlarını ortaya qoyurlar.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan və Almaniya arasında siyasi dialoq geniş gündəliyi əhatə edir və bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərə deyil, həm də Cənubi Qafqazda sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
Dövlət başçısı iqtisadi əməkdaşlığın inkişafına toxunaraq bildirib ki, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir və bu sayın gələcəkdə daha da artacağına əmin olduğunu ifadə edib. O, qarşılıqlı sərmayələrin artırılması, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının genişləndirilməsi ilə bağlı konkret təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu ildən etibarən Azərbaycan təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Çıxış zamanı nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi məsələlərinə də toxunulub. Prezident qeyd edib ki, Azərbaycan müasir nəqliyyat infrastrukturunu inkişaf etdirir və Orta Asiya ilə Avropa arasında mühüm körpü rolunu daha da gücləndirir. Bu istiqamətdə imzalanmış sənədlərin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılacağı bildirilib.
Səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə də toxunulub. Cari ildə Avropa İttifaqı rəhbərliyinin Azərbaycana həyata keçirdiyi yüksək səviyyəli səfərlər tərəflər arasında siyasi dialoqun intensiv xarakter aldığını göstərir. Bu baxımdan Almaniyanın Avropa İttifaqının aparıcı üzvü kimi gələcək əməkdaşlığın inkişafında xüsusi rola malik olması Prezident İlham Əliyev tərəfindən də vurğulanıb.
Rəsmi səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamənin imzalanması iqtisadi əməkdaşlığın institusional əsaslarını daha da gücləndirdi.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan müstəqil, praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Strateji tərəfdaşlıq, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sülh istiqamətində əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinin bariz nümunəsidir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri