Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdi. Berlin görüşləri, imzalanan strateji sənədlər və verilən mesajlar əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Səfər həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, yaşıl enerji, regional sülh prosesi və Avropa İttifaqı ilə əməkdaşlıq kimi məsələlər geniş müzakirə olundu.Enerji sahəsi Berlin danışıqlarının əsas mövzularından biri oldu. F.Merts də öz növbəsində bildirdi ki, “hazırkı böhran şəraitində xam neftin və Cənub Qaz Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.“Cənab Prezidentin isə bəyan etdiyi kimi, “enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaq.”Azərbaycan artıq Almaniyaya təbii qaz ixrac etməyə başlayıb və bununla da ölkəmizin qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bununla yanaşı, gələcəkdə yaşıl enerji və hidrogen sahəsində əməkdaşlığın genişləndirilməsi də tərəflərin diqqət mərkəzindədir. Bu istiqamət Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolunu daha da artırır.Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan nailiyyətlər Berlində də yüksək qiymətləndirilir və regionda sabitliyin möhkəmlənməsi Avropa üçün mühüm əhəmiyyət kəsb edir.Bu xüsusda Federal Kansler Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişini “tarixi razılaşma” kimi qiymətləndirərək Almaniyanın regionda davamlı sülhün təmin olunmasına dəstəyini ifadə etdi. Kanslerin sözlərinə görə, Cənubi Qafqazda sabitlik Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yaradır.Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını təsdiqləməklə yanaşı, gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirdi. Eyni zamanda, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə Birgə Bəyannamənin imzalanması iqtisadi və investisiya əlaqələrinin yeni mərhələyə keçəcəyindən xəbər verir.Nəqliyyat və logistika sahəsində də mühüm perspektivlər müzakirə edildi. Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti fonunda Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrildiyi vurğulandı. Almaniyanın texnologiya və sənaye potensialı ilə Azərbaycanın nəqliyyat infrastrukturu arasında əməkdaşlıq yeni layihələrin reallaşmasına zəmin yaradır.Cənab Prezidentin söylədiyi kimi, “imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq.”Dövlət başçımız həmçinin vurğuladı ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda mühüm rol oynayır və iki ölkə arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sülhə və sabitliyə də töhfə verəcək.Beləliklə, bu səfər bir daha göstərdi ki, Azərbaycanla Almaniya arasında münasibətlər qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji əməkdaşlığa əsaslanır.
Nigar Məmmədova
Milli Məclisin deputatı