PDF Oxu

Siyasət

  • 616

Berlin görüşü: strateji tərəfdaşlığın yeni səhifəsi - ŞƏRH

image

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertslə keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini deyil, həm də Azərbaycanın Avropanın siyasi və enerji təhlükəsizliyi sistemində artan rolunu nümayiş etdirdi.

Son illər Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas xüsusiyyət balanslaşdırılmış, praqmatik və milli maraqlara söykənən diplomatik kursdur. Məhz bu siyasət nəticəsində Azərbaycan həm Şərqlə Qərb arasında etibarlı tərəfdaş, həm də regionda sabitliyin təmin olunmasına töhfə verən mühüm aktora çevrilib. Berlin səfəri də bu siyasi xəttin məntiqi davamı kimi qiymətləndirilə bilər.
Ölkə Prezidenti İlham Əliyev bəyanatında Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ikitərəfli gündəliyin getdikcə daha da genişləndiyini bildirdi. Bu münasibətlər artıq yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Ticarət, sənaye, enerji, nəqliyyat, yaşıl enerji, investisiyalar və yeni texnologiyalar əməkdaşlığın əsas istiqamətlərinə çevrilir. Bu isə iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını göstərən mühüm amildir.
Enerji əməkdaşlığı görüşün əsas mövzularından biri oldu. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu son illərdə daha da artıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırılan Azərbaycan qazı bir çox ölkələr üçün etibarlı alternativ enerji mənbəyinə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş statusunu əməli fəaliyyəti ilə təsdiqləyib və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.
Bəyanatda diqqət çəkən əsas məsələlərdən biri də regional sülh prosesi oldu. Dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar barədə danışaraq vurğuladı ki, bölgədə davamlı sülhün təmin olunması üçün tarixi imkan yaranıb. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: regionda uzunmüddətli sabitlik yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür. Bu yanaşma Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir.
Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqazda artan marağı da xüsusi diqqət çəkir. Bu baxımdan Berlin görüşü Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə əlavə impuls verə bilər. Qarşılıqlı hörmət və milli maraqlara əsaslanan əməkdaşlıq modeli tərəflərin uzunmüddətli strateji tərəfdaşlıq niyyətini nümayiş etdirir.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslər sürətlə dəyişir. Enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yeni iqtisadi əməkdaşlıq formatlarının formalaşması Azərbaycanın əhəmiyyətini daha da artırır. Orta Dəhlizin inkişafı, Xəzər regionunun tranzit potensialı və yaşıl enerji layihələri ölkəmizi Avrasiya məkanının əsas logistika və enerji mərkəzlərindən birinə çevirir.
Berlin danışıqları bir daha göstərdi ki, Azərbaycan artıq regional məsələlərin müzakirə olunduğu deyil, onların həllində fəal iştirak edən və təşəbbüslər irəli sürən dövlətdir. Prezident İlham Əliyevin bəyanatı da məhz bu reallığın siyasi ifadəsi idi. Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir, tərəfdaşlarının sayını artırır və yeni əməkdaşlıq imkanları yaradır.
Bugünkü geosiyasi şəraitdə etibarlı tərəfdaş olmaq ən böyük üstünlüklərdən biridir. Azərbaycan bu statusu yalnız sözlə deyil, konkret layihələri, öhdəliklərinə sadiqliyi və praqmatik siyasəti ilə qazanıb. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində səsləndirdiyi mesajlar göstərdi ki, ölkəmiz Avropa ilə əməkdaşlığın yeni mərhələsinə inamla qədəm qoyur. Bu əməkdaşlıq isə təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi, enerji təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər