PDF Oxu

Siyasət

  • 714

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Berlində mətbuata verdiyi bəyanatda dövlət başçısı siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regional tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm mesajlar səsləndirdi.
Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində imzalanmış Birgə Bəyannamə və digər sənədlər Azərbaycan–Almaniya əlaqələrini yeni səviyyəyə yüksəldəcək. Strateji dialoqun başlanması iki ölkə arasında əməkdaşlığın daha sistemli və uzunmüddətli inkişafına xidmət edəcək. Dövlət başçısı qeyd etdi ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda mühüm rola malikdir və ikitərəfli münasibətlərin inkişafı regionda sülhə və sabitliyə də töhfə verəcək.
Çıxışda iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi vurğulandı. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev qarşılıqlı investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi üçün konkret təkliflərin irəli sürüldüyünü diqqətə çatdırdı. Bu, iqtisadi tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir.
Enerji sahəsində əməkdaşlığa toxunan dövlət başçısı qeyd etdi ki, bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bununla yanaşı, ölkəmiz Almaniyaya neft ixracını davam etdirir və gələcəkdə yaşıl enerjinin də Avropa bazarına çıxarılması planlaşdırılır. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivlərinə də diqqət çəkərək bildirdi ki, Azərbaycan Orta Asiya ilə Avropa arasında mühüm tranzit körpüsünə çevrilir. Bu istiqamətdə Almaniyanın təcrübəsi və imkanları birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Bəyanatda regional sülh prosesi də xüsusi yer tutdu. Dövlət başçısı Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələri qeyd edərək, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu vurğuladı. Almaniyanın bu prosesə verdiyi dəstək yüksək qiymətləndirildi və bunun regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət etdiyi bildirildi.
Prezident İlham Əliyev çıxışının sonunda Avropa İttifaqı ilə münasibətlərin inkişafına toxunaraq qeyd etdi ki, son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçısı Almaniyanın bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, gələcəkdə də iki ölkə arasında əlaqələrin qarşılıqlı etimad və ortaq maraqlar əsasında daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər