PDF Oxu

Siyasət

  • 1 591

“Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir” - DEPUTAT DANIŞDI

image

“Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Prezident İlham Əliyevin Almaniyaya həyata keçirdiyi səfərlər, Almaniya Federativ Respublikasının rəhbərliyi ilə keçirilən yüksək səviyyəli görüşlər və qarşılıqlı siyasi dialoq iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verib”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, bu təmaslar təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir:“Almaniya Avropanın ən böyük iqtisadiyyatına, yüksək texnologiyalar, sənaye, innovasiya və yaşıl enerji sahələrində qabaqcıl təcrübəyə malik dövlətdir. Bu baxımdan Almaniya ilə əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, sənayeləşmə və innovativ texnologiyaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Alman şirkətləri uzun illərdir ki, Azərbaycanda enerji, tikinti, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, səhiyyə və xidmət sahələrində müxtəlif layihələrdə iştirak edirlər.Azərbaycan isə Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mövqeyə malik ölkə kimi Almaniya üçün etibarlı tərəfdaş hesab olunur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, Orta Dəhlizin inkişafında oynadığı rol və müasir logistika infrastrukturu Azərbaycanın əhəmiyyətini daha da artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin nəqliyyat-logistika imkanları Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımaların genişlənməsinə mühüm töhfə verir.Enerji təhlükəsizliyi Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına təbii qaz ixrac edən Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm rol oynayır. Son illərdə isə əməkdaşlıq ənənəvi enerji sahəsindən yaşıl enerji istiqamətinə doğru genişlənir. Azərbaycanın Xəzər dənizində və quruda mövcud olan böyük bərpaolunan enerji potensialı Almaniyanın bu sahədəki qabaqcıl texnologiyaları ilə yeni əməkdaşlıq imkanları yaradır.İkitərəfli münasibətlər yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmır. Siyasi dialoq, parlamentlərarası əlaqələr, hüquqi əməkdaşlıq, elm, təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə də əməkdaşlıq ildən-ilə genişlənir. Almaniyada yaşayan Azərbaycan diasporu və müxtəlif mədəni layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Təhsil sahəsində universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi proqramları və elmi tədqiqat layihələri də əlaqələrin inkişafına əlavə töhfə verir.T. Rzayev qeyd etdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də Almaniya şirkətləri üçün yeni investisiya və əməkdaşlıq imkanları yaradır:”Ağıllı şəhər və kənd layihələri, yaşıl enerji zonalarının yaradılması, müasir infrastrukturun qurulması, ekoloji texnologiyaların tətbiqi kimi istiqamətlər Almaniya biznes dairələrinin maraq göstərdiyi sahələr sırasındadır.Azərbaycan və Almaniya beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Tərəflər regional təhlükəsizlik, iqtisadi inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə, dayanıqlı inkişaf məqsədləri və beynəlxalq hüququn prinsiplərinin qorunması kimi məsələlər üzrə dialoqu davam etdirirlər. Bu əməkdaşlıq Avropa ilə Cənubi Qafqaz arasında etimadın və qarşılıqlı maraqların möhkəmlənməsinə xidmət edir.Prezident İlham Əliyevin Almaniyaya səfərləri və keçirilən yüksək səviyyəli görüşlər göstərir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimad və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanır. İmzalanan sənədlər, biznes forumları və iqtisadi təşəbbüslər gələcəkdə ticarət dövriyyəsinin artırılması, investisiyaların genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.Komitə sədri vurğuladı ki, Almaniya Azərbaycanın Avropada ən mühüm siyasi və iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin Avropa ilə əlaqələrinin inkişafında xüsusi yer tutur: “Qarşılıqlı hörmətə, etibara və ortaq maraqlara əsaslanan bu münasibətlər gələcək illərdə də yeni məzmun qazanaraq hər iki ölkənin rifahına, regional sabitliyə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verməyə davam edəcək”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər