Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun növbəti mühüm təzahürüdür. Dövlətimizin başçısının Berlin şəhərində keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən birgə bəyanatlar Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, enerji təhlükəsizliyi, ticarət-iqtisadi əlaqələr, nəqliyyat-logistika layihələri, yaşıl enerji, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh prosesi geniş müzakirə olunmuşdur. Tərəflər qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi barədə ortaq mövqe nümayiş etdirmişlər. Bu səfər zamanı "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiq edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropanın etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirib. Ölkəmizin enerji resurslarının Avropaya təhlükəsiz və dayanıqlı şəkildə çatdırılması, Orta Dəhlizin inkişafında oynadığı mühüm rol və regional sabitliyə verdiyi töhfələr Almaniya tərəfindən də yüksək qiymətləndirilir. Almaniya ilə əməkdaşlığın genişləndirilməsi təkcə iqtisadi deyil, həm də siyasi və humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin prinsipial və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə artır, ölkəmiz qlobal və regional proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunur. Almaniyaya rəsmi səfər də Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasət kursunun uğurlu nəticələrindən biri olmaqla yanaşı, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar açır.
Heç şübhəsiz, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin daha da dərinləşməsinə, yeni iqtisadi layihələrin reallaşmasına və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Bu səfər bir daha göstərdi ki, müstəqil və qətiyyətli siyasət yürüdən Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan dövlət kimi öz mövqeyini inamla gücləndirməkdə davam edir.
Quliyev Xəzər
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Şahbuz rayon sektoru. Sektor müdiri
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şahbuz rayonu ərazi partiya təşkilatının sədri