PDF Oxu

Siyasət

  • 724

Azərbaycan–Almaniya strateji tərəfdaşlığı: Avropa ilə əməkdaşlıqda yeni mərhələnin başlanğıcı - ŞƏRH

image

Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsini təmin edir. Bu siyasətin mühüm istiqamətlərindən biri Avropa dövlətləri ilə qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənən münasibətlərin inkişaf etdirilməsidir. Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə əməkdaşlığın son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyması da Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın Avropa məkanında etibarlı və strateji tərəfdaş statusunun daha da möhkəmləndiyini nümayiş etdirdi. Səfər zamanı aparılan müzakirələr bir daha göstərdi ki, Bakı ilə Berlin arasında münasibətlər artıq yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır, siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, innovasiya, elm, təhsil və humanitar əlaqələr kimi geniş sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilib.
Müasir dövrdə Almaniya qlobal siyasətdə və dünya iqtisadiyyatında aparıcı mövqeyə malik ölkələrdən biridir. Avropa İttifaqının iqtisadi lokomotivi hesab olunan bu dövlət Cənubi Qafqaz regionunda Azərbaycanın artan geosiyasi əhəmiyyətini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Almaniya Azərbaycanı regionun aparıcı dövləti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaş və beynəlxalq hüququn prinsiplərinə sadiq dövlət kimi dəyərləndirir.
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub. Görüş zamanı regional təhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, enerji əməkdaşlığı və beynəlxalq gündəlikdə duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Almaniya Prezidentinin Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri kimi xarakterizə etməsi ölkəmizdə formalaşmış siyasi sabitliyin, iqtisadi inkişafın və təhlükəsizlik mühitinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Eyni zamanda, Almaniya rəhbərliyi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqları, sülh gündəliyini və regionda davamlı sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bəyan edib. Bu yanaşma Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın əsas təşəbbüskarlarından biri olduğunu bir daha təsdiqləyir.
Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun intensivləşməsi iqtisadi əməkdaşlığın da genişlənməsinə əlverişli zəmin yaradır. Son illərdə ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiya imkanlarının genişlənməsi, sənaye və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi iki ölkənin qarşılıqlı maraqlarının üst-üstə düşdüyünü göstərir.
Enerji sektoru isə münasibətlərin əsas strateji istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın zəngin enerji resursları və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol Almaniyanın xüsusi diqqət mərkəzindədir. Bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılması tərəfdaşlığın praktik nəticələrindən biridir. Bununla yanaşı, Azərbaycan neftinin Almaniya bazarına çatdırılması, gələcəkdə isə yaşıl enerji resurslarının Avropa istiqamətində ixracı perspektivləri enerji əməkdaşlığının daha da genişlənəcəyindən xəbər verir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika mərkəzidir. Xüsusilə Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və müasir nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin beynəlxalq iqtisadi əlaqələr sistemində rolunu daha da artırır. Almaniya şirkətlərinin bu istiqamətdə malik olduqları qabaqcıl texnologiyalar və zəngin təcrübə gələcək əməkdaşlıq üçün mühüm imkanlar yaradır.
Azərbaycanın Orta Asiya ilə Avropa arasında etibarlı körpü rolunu gücləndirməsi, beynəlxalq yükdaşımaların həcminin artması və yeni logistika marşrutlarının formalaşdırılması Berlinlə Bakı arasında iqtisadi əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan nəqliyyat və logistika sahəsində nəzərdə tutulan birgə layihələr hər iki tərəfin maraqlarına tam cavab verir.
Səfərin ən mühüm nəticələrindən biri isə "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması oldu. Bu sənəd münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, əməkdaşlığın uzunmüddətli inkişaf konsepsiyasını müəyyənləşdirir.
Birgə Bəyannamədə tərəflər dövlət suverenliyi, müstəqillik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər. Həmçinin BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası və digər beynəlxalq sənədlərə bağlılıq vurğulanır. Bu, Azərbaycan ilə Almaniyanın beynəlxalq münasibətlər sistemində ortaq dəyərlər və məsuliyyətli tərəfdaşlıq prinsiplərini bölüşdüklərini nümayiş etdirir.
Sənəddə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyəti ayrıca qeyd edilir. Bu isə Almaniyanın Azərbaycanın Avropa ilə inteqrasiyasına və siyasi dialoqun daha da dərinləşdirilməsinə verdiyi dəstəyin aydın ifadəsidir. Berlinin bu mövqeyi ölkəmizin Avropa ilə əməkdaşlığının yeni mərhələyə yüksəlməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Əslində, Azərbaycan–Almaniya strateji tərəfdaşlığı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin növbəti mühüm nailiyyətidir. Bu gün Azərbaycan ABŞ, Çin, Türkiyə, İtaliya və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub. Almaniya ilə imzalanan yeni strateji sənəd isə Azərbaycanın Avropanın iki aparıcı iqtisadi dövləti – İtaliya və Almaniya ilə münasibətlərini ən yüksək siyasi səviyyəyə yüksəltdiyini nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, iqtisadi inkişaf, regional sabitlik və sülh təşəbbüsləri ölkəmizin qlobal əhəmiyyətini ildən-ilə artırır.
Azərbaycan–Almaniya münasibətlərinin strateji müstəviyə yüksəlməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni Strateji Gündəlik qarşıdakı illərdə siyasi dialoqun daha da intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, enerji və nəqliyyat layihələrinin inkişafına, elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaq. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq, ölkəmizin Avropa ilə strateji tərəfdaşlığını möhkəmləndirərək regional və qlobal proseslərdə rolunu daha da gücləndirəcək.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər