2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin inkişafında mühüm hadisə kimi tarixə düşdü. Berlin şəhərində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər Azərbaycan–Almaniya əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlər zamanı siyasi dialoq, ticarət-iqtisadi əlaqələr, enerji, yaşıl transformasiya, nəqliyyat-logistika, rəqəmsallaşma, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları oldu. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında münasibətlərin gələcək inkişafını müəyyən edən mühüm sənədlər imzalandı.
Səfərin ən mühüm nəticələrindən biri "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" oldu. Bu sənəd ölkələr arasında əməkdaşlığın strateji xarakter aldığını təsdiqləyərək siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, bərpaolunan enerji, nəqliyyat və innovasiya sahələrində uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar yaratdı.
Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə də imzalandı. Yeni Biznes Şurası iki ölkənin iş adamları arasında əlaqələrin möhkəmlənməsinə, investisiyaların artırılmasına, birgə sənaye layihələrinin həyata keçirilməsinə və yeni texnologiyaların tətbiqinə xidmət edəcək. Almaniyanın qabaqcıl sənaye və texnologiya təcrübəsinin Azərbaycan iqtisadiyyatına cəlb olunması, eyni zamanda Azərbaycanın əlverişli investisiya mühitinin Almaniya şirkətləri üçün yeni imkanlar açması bu əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Prezident İlham Əliyev mətbuata bəyanatında imzalanan sənədlərin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış Strateji Gündəlik haqqında Birgə Bəyannamə əlaqələrimizi yeni mərhələyə qaldıracaq. Biz uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etmək niyyətində idik və bu gün bunun hüquqi əsasını yaratdıq." Dövlət başçısı qeyd etmişdir ki, sənədlərin icrası üçün yaradılacaq mexanizmlər əldə olunmuş razılaşmaların real nəticələr verməsini təmin edəcək.
Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın perspektivlərinə də toxunaraq bildirmişdir: "Artıq Almaniyaya Azərbaycan qazının ixracına başlanılıb. Enerji sahəsində əməkdaşlığımız bundan sonra da genişlənəcək. Yaşıl enerji layihələri də əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olacaq." Bu fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunun getdikcə gücləndiyini bir daha nümayiş etdirir. Dövlət başçısı, həmçinin vurğulamışdır ki, hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və onların sayı gələcəkdə daha da artacaq.
Müasir dövrdə beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Almaniya arasında imzalanan sənədlər məhz bu prinsiplərə söykənərək iqtisadi inkişaf, innovasiya, yaşıl enerji, nəqliyyat və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini formalaşdırır. Bu razılaşmalar Azərbaycanın Avropa ilə əlaqələrinin daha da genişlənməsinə, Almaniyanın isə Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşla əməkdaşlığının dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və həmin gün imzalanan sənədlər Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələnin başlanğıcı oldu. Bu sənədlər təkcə bugünkü əməkdaşlığı deyil, həm də gələcək onilliklər üçün siyasi, iqtisadi və enerji tərəfdaşlığının inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "Bu gün qəbul edilən qərarlar ölkələrimizin gələcək əməkdaşlığını daha da gücləndirəcək və xalqlarımızın rifahına xidmət edəcək." Bu yanaşma Azərbaycan ilə Almaniya arasında münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı