Məlum olduğu kimi, ölkəmizin son illərdə Cənubi Qafqazda və daha geniş coğrafiyada formalaşdırdığı geosiyasi mənzərə regional çərçivələri aşaraq qlobal miqyasda əks-səda doğurur. BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz hərbi-siyasi iradəsi ilə icra edən Bakı, ərazi bütövlüyünü bərpa etməklə yanaşı həm də beynəlxalq hüququn aliliyini öz gücü ilə təmin edən unikal dövlət modeli ortaya qoydu. Müstəqilliyin ilk illərindəki ağır işğal faktından, bir milyondan çox qaçqın və köçkün yükündən keçərək bu gün dünya nizamının yenidən qurulduğu masalarda əsas aktorlardan birinə çevrilmək milli maraqlara söykənən dəqiq hesablanmış siyasətin nəticəsidir.
Qeyd edək ki, Cənubi Qafqazda iri güclərin maraqlarının toqquşduğu bir şəraitdə Azərbaycan hər hansı güc mərkəzindən asılı olmayan, öz milli maraqlarını diktə edə bilən ölkə kimi mövqeyini möhkəmləndirdi. Həm Qərb, həm Şərq, həm də böyük dövlətlərlə bərabərhüquqlu dialoq qura bilmək qabiliyyəti Bakının siyasi çəkisini artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi kurs Azərbaycanı təkcə regionun liderinə deyil, qlobal güclərin hesablaşdığı, müasir beynəlxalq münasibətlər sistemində özü qaydalar müəyyən edən nüfuzlu "orta güc"ə çevirib. Ölkəmizin əldə etdiyi siyasi uğurların kökündə öz gücünə güvənmək, güclü iradə və milli maraqları hər şeydən üstün tutmaq prinsipi dayanır. Ölkəmiz beynəlxalq hüququ öz gücü ilə tətbiq edərək, apardığı haqq savaşında müharibə qanunlarını bir an belə pozmadı, mülki insanlara və obyektlərə zərər vurmadan tarixi ədaləti bərpa etdi. Beynəlxalq səviyyədə etiraf olunan bu unikal təcrübə hazırda dünyada münaqişələrin ədalətli həlli üçün örnək göstərilir. Regionda Azərbaycanın şərtləri ilə de-fakto sülhün və dayanıqlı sabitliyin bərqərar olunması siyasi müstəvidə qazanılan ən böyük zəfərdir desək, yanılmarıq.
Yeri gəlmişkən, ötən ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan-Azərbaycan arasında sülh sazişinin mətni paraflanaraq Birgə Bəyannamə imzalandı. Bu tarixi addım Cənubi Qafqazı münaqişə ocağından əməkdaşlıq məkanına çevirdi. Azərbaycan sülh gündəliyini bəyanatlarla məhdudlaşdırmadı, dərhal praktiki addımlara keçdi. Bu mühüm məqam Prezident İlham Əliyevin Almaniyaya etdiyi rəsmi səfər zamanı bir daha bəyan edildi. İyulun 21-də Almaniyanın Federal Kansleri Fridrix Mertslə birlikdə Berlində mətbuata bəyanatı zamanı dövlətimizin başçısı bildirdi ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu: "Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir... ...Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib. Yəni biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı".
Onu da qeyd edək ki, davamlı sülhün hüquqi şərti - Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Əldə olunmuş bu tarixi irəliləyişin tam və dönməz xarakter alması üçün qarşıda duran ən mühüm addım Ermənistanın əsas qanununda ziddiyyətlərin aradan qaldırılmasıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Ermənistanın ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaları özündə ehtiva edən konstitusiyası dəyişdirilməlidir. İrəvanın öz konstitusion bazasını revanşist ideyalardan təmizləməsi bölgədə əbədi sülhün və hüquqi təhlükəsizliyin yeganə zəmanətidir. Azərbaycanın həyata keçirdiyi uzaqgörən və balanslaşdırılmış siyasət iqtisadi müstəvidə də yeni reallıqlara birbaşa zəmin yaradıb və ölkəmizi Şərqlə Qərbin qovşağında əvəzsiz strateji mərkəzə çevirib. Buna görədir ki, ABŞ və Çin kimi dünya nəhəngləri belə ölkəmizlə ikitərəfli əlaqələrə xüsusi önəm verirlər. Qlobal geosiyasi gərginliklər və alternativ marşrutların riskli hala gəlməsi fonunda Azərbaycanın üzərindən keçən Orta dəhliz Avrasiyanın ən təhlükəsiz və operativ ticarət arteriyasına çevrilib. Bakı limanı və Bakı-Tbilisi-Qars xətti qlobal təchizat zəncirinin qırılmaz hissəsidir. Təbii ki, Orta dəhlizin ən mühüm və strateji halqalarından olacaq Zəngəzur dəhlizinin (TRIPP) perspektivi də çox böyükdür. Bu xəttin istifadəyə verilməsi potensialı ölkəmizin nəinki Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin edəcək, həm də türk dünyasını və bütövlükdə region ölkələrini yeni ticarət damarı ilə bir-birinə bağlayacaq. Bu gün Azərbaycan qazı Avropa İttifaqına (Aİ) üzv 10 ölkəyə çatdırılır. Ənənəvi neft-qaz resurslarının nəqli ilə yanaşı, Azərbaycan artıq "yaşıl enerji" (külək və günəş) ixracatçısına çevrilərək Aİ ölkələrinin enerji keçidi strategiyasında açar rol oynayır.
Yeri gəlmişkən bildirək ki, iyulun 21-də Prezident İlham Əliyevin Almaniya Federal Kansleri Fridrix Mertslə Berlində imzaladığı "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" xarici siyasətin növbəti zirvəsi oldu. İtaliyadan sonra Aİ-nin əsas siyasi-iqtisadi mühərriki olan Almaniya ilə də belə bir çərçivənin qurulması Azərbaycan-Aİ əlaqələrinin gələcək xəritəsini müəyyən edir. Azərbaycanın ortaya qoyduğu inkişaf və sülh modeli göstərir ki, milli maraqlara söykənən qətiyyətli siyasət yalnız bir ölkənin deyil, bütöv bir regionun taleyini yaxşılığa doğru dəyişə bilər. Bu gün Bakının liderliyi ilə bərqərar olan sabitlik, təhlükəsizlik və qarşılıqlı əməkdaşlığa əsaslanan yeni reallıqlar bütün dünyanın rəğbətlə izlədiyi unikal inkişaf nümunəsidir. Ölkəmiz Cənubi Qafqazda və daha geniş coğrafiyada iqtisadi inteqrasiyanın və dialoqun baş zəmanətçisi kimi çıxış edən müstəqil güc mərkəzi kimi ön plana çıxır.
Ən əsası, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən Avropadakı strateji anlaşmalara qədər atılan hər bir uzaqgörən addım göstərir ki, ölkəmizin ortaya qoyduğu tərəqqi və sülh modeli təkcə bir bölgəni əhatə edən lokal uğur deyil. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan, bütün dünyanın rəğbətlə izlədiyi və qlobal miqyasda qəbul edilən yeni dövlətçilik və diplomatiya nümunəsidir!
Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatının Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri