PDF Oxu

Siyasət

  • 957

Enerji əməkdaşlığı Azərbaycan ilə Almaniya arasında münasibətlərin ən mühüm istiqamətlərindən biridir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər ölkəmizin xarici siyasətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi yadda qalmışdır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafı qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində dünyanın nüfuzlu dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Almaniya Federativ Respublikası ilə münasibətlər də məhz bu prinsiplər üzərində inkişaf edir və son illər daha da dinamik xarakter almışdır.

Prezident İlham Əliyev Almaniyada verdiyi bəyanatda qeyd etmişdir ki, imzalanmış sənədlər Azərbaycan ilə Almaniya arasında əlaqələri yeni mərhələyə yüksəldəcəkdir. Xüsusilə strateji dialoqun başlanması iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi platforma yaradır. Strateji dialoq yalnız siyasi münasibətlərin dərinləşməsinə deyil, iqtisadiyyat, enerji, nəqliyyat, elm, təhsil, yüksək texnologiyalar və digər sahələr üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə imkan verəcəkdir.

Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, dünya iqtisadiyyatında mühüm mövqeyə malik ölkədir. Azərbaycan isə Cənubi Qafqazın lider dövləti, regionun əsas iqtisadi və nəqliyyat mərkəzi kimi beynəlxalq aləmdə nüfuzunu ildən-ilə artırır. Bu baxımdan Azərbaycan-Almaniya münasibətlərinin inkişafı yalnız iki ölkənin maraqlarına deyil, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmləndirilməsinə də xidmət edir.

Səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri olmuşdur. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin investisiya mühitinə olan yüksək etimadın göstəricisidir. Bu şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı, logistika, xidmət və digər sahələrdə fəaliyyət göstərərək ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət dairəsinin daha da genişlənəcəyi gözlənilir. Qarşılıqlı sərmayələrin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi iqtisadi inkişafın davamlılığını təmin edən əsas amillərdəndir.

Enerji əməkdaşlığı Azərbaycan ilə Almaniya arasında münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılmışdır. Bununla yanaşı, Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır və Avropanın enerji təminatında mühüm rol oynayır. Eyni zamanda ölkəmiz Almaniyaya neft ixracını da davam etdirir. Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafına verdiyi önəm gələcəkdə yaşıl enerjinin Avropa bazarına çıxarılmasına geniş imkanlar yaradacaqdır. Bu isə enerji sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da səfərin diqqətçəkən istiqamətlərindən olmuşdur. Son illərdə Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri nəticəsində Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Orta Dəhlizin inkişafında Azərbaycanın oynadığı rol beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Orta Asiya ilə Avropa arasında etibarlı körpü rolunu daha da gücləndirir. Almaniyanın logistika, nəqliyyat texnologiyaları və sənaye sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaradır.

Səfər çərçivəsində imzalanmış Birgə Bəyannamənin icrasını təmin etmək məqsədilə müxtəlif işçi qruplarının yaradılması barədə razılıq əldə olunmuşdur. Bu addım tərəflərin əməkdaşlığı real layihələr üzərində qurmaq niyyətini nümayiş etdirir. İşçi qruplarının fəaliyyəti nəticəsində iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, rəqəmsal inkişaf, sənaye və digər istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi gözlənilir.

Azərbaycanın beynəlxalq nüfuzunun artması Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Son illər ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri quraraq regionun siyasi və iqtisadi liderinə çevrilmişdir. Almaniya kimi güclü Avropa dövləti ilə strateji dialoqun başlanması da bu siyasətin uğurlu nəticələrindən biridir.

Bu rəsmi səfər bir daha göstərdi ki, Azərbaycan etibarlı tərəfdaş, sabit və güclü dövlət kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. İmzalanmış sənədlər və əldə olunan razılaşmalar gələcək illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, enerji və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsinə, eyni zamanda regionda sülhə və sabitliyə mühüm töhfələr verəcəkdir.

Prezident cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanın müstəqil və uğurlu xarici siyasətinin növbəti parlaq təzahürüdür. Bu səfər ölkəmizin beynəlxalq nüfuzunun, siyasi etimadının və iqtisadi potensialının daha da artdığını nümayiş etdirir. İnanıram ki, əldə olunmuş razılaşmalar Azərbaycan xalqının rifahına, ölkəmizin davamlı inkişafına və beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz regionda sülhün, sabitliyin və tərəqqinin əsas təminatçılarından biri olaraq öz mövqeyini daha da gücləndirəcəkdir.

Səriyyə Əhmədova

YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,

Naxçıvan şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri

Digər xəbərlər