Tərtər Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov,Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, YAP ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və partiya veteranları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın iradəsindən doğan, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və ötən 33 ildə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan siyasi təşkilata çevrilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya daim yenilənərək ölkəmizin inkişafına və dövlətçiliyimizin daha da möhkəmlənməsinə layiqli töhfələr verir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, milli həmrəyliyin möhkəmləndirilməsində və dövlətçilik ənənələrinin qorunmasında müstəsna xidmətlərindən danışıb.
Bildirilib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gündən-günə qüdrətlənir. Əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının üzvləri də fəal iştirak edirlər.
Tədbirdə Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev, Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova, Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova, partiya veteranı Kərrar Bayramov və Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi uğurlardan bəhs edib, təşkilatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndiriblər.
Sonda YAP Tərtər rayon təşkilatı tərəfindən yubiley yaşı tamam olmuş bir qrup YAP üzvünə qiymətli hədiyyələr, rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına Fəxri Fərmanlar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.