Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkəmizin xarici siyasətində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Bu səfər Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, enerji, humanitar və elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Prezident İlham Əliyev Almaniya rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirmiş, regional və beynəlxalq məsələlər, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, yaşıl enerji, nəqliyyat və logistika layihələri ətrafında geniş fikir mübadiləsi aparmışdır. Keçirilən görüşlər iki ölkə arasında siyasi dialoqun davamlı xarakter aldığını, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın daha da genişləndiyini bir daha nümayiş etdirmişdir.
Verilən bəyanatda Azərbaycan ilə Almaniyanın qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Almaniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi qiymətləndirir, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək dəyərləndirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etmişdir. Dövlət başçısı Cənub Qaz Dəhlizi və digər enerji layihələrinin Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə verdiyi töhfələri diqqətə çatdırmış, eyni zamanda Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr və yaşıl enerji potensialı haqqında ətraflı məlumat vermişdir.
Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən bu ildən Almaniya və Avstriyaya təbii qaz ixrac edir. Bu, ölkəmizin Avropa enerji bazarında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixracının coğrafiyasına görə dünyada birinci yerdədir və yeni bazarlara çıxışın təmin edilməsi, mövcud tədarükün artırılması istiqamətində danışıqları davam etdirir.
Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və Mərkəzi Asiya bazarlarına çıxış strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız etibarlı enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi əlaqələrin əsas iştirakçılarından biridir.
Xüsusilə Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən etibarlı nəqliyyat marşrutu kimi Almaniyanın region bazarlarına çıxışı və qlobal təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi baxımından mühüm imkanlar yaradır.
İqtisadi əməkdaşlığın genişləndirilməsi də səfərin əsas istiqamətlərindən biri olmuşdur. Görüşlərdə Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının artırılması, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, sənaye, rəqəmsal texnologiyalar və digər sahələrdə yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafına töhfə verməklə yanaşı, Almaniya biznesi üçün də yeni perspektivlər açır.
Təhsil, elm, mədəniyyət və innovasiya sahələrində əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Universitetlər arasında əməkdaşlığın inkişafı, tələbə və müəllim mübadilə proqramlarının genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev həm ikitərəfli münasibətlər, həm də regional və qlobal məsələlər barədə strateji xarakterli fikirlər səsləndirmişdir. Dövlət başçısı qeyd etmişdir: “Azərbaycan–Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.”
Bu fikir Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mesaj kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərməklə yanaşı, siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar açır.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı