2026-cı il iyulun 21-də Berlin şəhərində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış siyasi bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Sənəddə tərəflər uzunmüddətli dostluq münasibətlərinə sadiqliklərini təsdiqləyərək dövlət suverenliyi, müstəqillik və ərazi bütövlüyünə hörmət prinsiplərini bir daha vurğulamışlar. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər beynəlxalq hüquqi sənədlərə bağlılıq münasibətlərin əsas hüquqi bazasını təşkil edir.
Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyiş yüksək qiymətləndirilmiş, 8 avqust 2025-ci il Vaşinqton Zirvə Görüşünün nəticələri alqışlanmışdır. Almaniya regionda davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın və Ermənistanın səylərini dəstəklədiyini ifadə etmişdir.
Sənəd Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini də ön plana çıxarır. Yenilənmiş tərəfdaşlıq prioritetlərinin qəbulunun və mövcud dialoq mexanizmlərindən səmərəli istifadənin vacibliyi qeyd olunur. Bu yanaşma Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edir.
Bəyannamədə siyasi və diplomatik əməkdaşlığın genişləndirilməsi, yüksək səviyyəli görüşlərin davam etdirilməsi, regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin artırılması nəzərdə tutulur. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə yeni imkanlar yaradır.
İqtisadi sahədə ticarət və investisiyaların artırılması, Almaniya–Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi xüsusi vurğulanır. Kənd təsərrüfatı, yaşıl enerji, hidrogen texnologiyaları, enerji səmərəliliyi, nəqliyyat bağlantıları, qaz təchizatı, iqlim fəaliyyəti, ətraf mühitin qorunması və su ehtiyatlarının idarə olunması kimi istiqamətlər gələcək əməkdaşlığın əsas prioritetləri kimi müəyyən edilir.
Təhlükəsizlik və müdafiə sahəsində mina təmizlənməsi, qanunsuz insan və narkotik dövriyyəsinə qarşı mübarizə, müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsi mühüm istiqamətlər kimi göstərilir.
Mədəniyyət, təhsil, elm və innovasiya sahələrində də geniş əməkdaşlıq nəzərdə tutulur. Akademik mübadilə proqramları, rəqəmsal təhsil, birgə elmi tədqiqatlar və yeni texnologiyalar üzrə əməkdaşlıq iki ölkənin gələcək inkişafına mühüm töhfə verə bilər.
Nəticə etibarilə, Berlin siyasi bəyannaməsi Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, Avropa ilə əlaqələrin inkişafına və regional sabitliyin güclənməsinə xidmət edən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Onun müddəalarının həyata keçirilməsi ikitərəfli münasibətlərin daha da genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradacaqdır.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri