PDF Oxu

Siyasət

  • 615

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

image

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, iki ölkə arasında strateji tərəfdaşlığın yeni məzmun qazandığını nümayiş etdirdi. Səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, innovasiya, müdafiə və regional sabitlik sahələrində yeni əməkdaşlıq imkanları yaratdı.

Azərbaycanın xarici siyasətində Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və milli maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Bu baxımdan Almaniya ilə əlaqələrin son illərdə yüksələn dinamika ilə inkişaf etməsi təsadüfi deyil. Davamlı siyasi dialoq, yüksəksəviyyəli qarşılıqlı səfərlər və parlamentlərarası əməkdaşlıq iki ölkə arasında münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib.

Almaniyanın Azərbaycanın Avropa ilə əməkdaşlığının genişlənməsinə verdiyi diqqət ölkəmizin beynəlxalq müstəvidə artan rolunun göstəricisidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafındakı rolu, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasət Almaniya tərəfindən yüksək qiymətləndirilir. Bu amillər Azərbaycanı Avropa üçün etibarlı siyasi və iqtisadi tərəfdaş kimi daha da ön plana çıxarır.

Federal Kansler Fridrix Mertslə birgə mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edib ki, səfər zamanı imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini yeni mərhələyə yüksəldəcək. Dövlət başçısı uzun müddətdir nəzərdə tutulan strateji dialoqun başlanmasının mühüm nailiyyət olduğunu vurğulayıb. Bildirilib ki, qəbul olunan Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir.

Səfərin əsas nəticələrindən biri "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Bu sənəd siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, təhlükəsizlik, elm, təhsil, innovasiya və humanitar əlaqələr üzrə uzunmüddətli əməkdaşlıq üçün strateji çərçivə yaradır.

Birgə Bəyannamədə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Müdafiə sənayesi, hərbi təhsil, kibertəhlükəsizlik, mina təhlükəsi ilə mübarizə və transmilli təhdidlərə qarşı birgə fəaliyyət iki ölkə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini göstərir. Almaniyanın Azərbaycan–Ermənistan normallaşma prosesinə və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına verdiyi dəstək də regional sabitlik baxımından mühüm amildir.

İqtisadi əməkdaşlıq Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır. Hazırda Almaniya kapitalına malik 200-dən çox şirkət Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu şirkətlərin sənaye, enerji, tikinti, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı və xidmət sektorlarında həyata keçirdiyi layihələr investisiyaların artmasına, müasir texnologiyaların tətbiqinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

Enerji sahəsində tərəfdaşlıq da yeni mərhələyə daxil olur. Azərbaycan təbii qazla yanaşı, yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətlərində də Avropa ilə əməkdaşlığı genişləndirir. Azərbaycanın yaşıl enerji potensialı ilə Almaniyanın texnoloji imkanlarının uzlaşması gələcək əməkdaşlıq üçün mühüm perspektivlər yaradır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Orta Dəhlizdə artan rolu, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının inkişafı ölkəmizin regional logistika mərkəzi kimi mövqeyini gücləndirir. Rəqəmsal iqtisadiyyat, süni intellekt, ağıllı şəhər texnologiyaları və yüksək texnologiyalar isə gələcək əməkdaşlığın yeni istiqamətləri sırasında yer alır.

Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri ənənəvi əməkdaşlıq çərçivəsini aşaraq hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə daxil olur. Qarşılıqlı siyasi etimad, iqtisadi maraqların uzlaşması, enerji və nəqliyyat sahəsində ortaq layihələr, eləcə də regional təhlükəsizliyə verilən töhfələr iki ölkə arasında əlaqələrin gələcək illərdə daha da inkişaf edəcəyinə əsas yaradır.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər