PDF Oxu

Siyasət

  • 531

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var - ŞƏRH

image

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Avrasiyanın nəqliyyat və logistika xəritəsində yeni strateji tərəfdaşlıq mərhələsinin əsasını qoyur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına gerçəkləşdirilən rəsmi səfəri iki ölkə arasındakı ikitərəfli münasibətlərin keyfiyyətcə yeni və strateji bir mərhələyə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi. Berlində keçirilən yüksəksəviyyəli rəsmi görüşlər, xüsusilə Almaniyanın Federal Kansleri və Federal Prezidenti ilə aparılan hərtərəfli danışıqlar göstərdi ki, Bakı ilə Berlin arasındakı əlaqələr artıq yalnız ənənəvi siyasi dialoq və ya energetika sahəsi ilə məhdudlaşmır. Bu münasibətlər müasir dövrün ən vacib çağırışlarından birinə — Avrasiya məkanının nəqliyyat-logistika xəritəsini yenidən formalaşdıran, regional və qlobal təhlükəsizliyə xidmət edən dayanıqlı tranzit tərəfdaşlığına çevrilmişdir. Azərbaycan-Almaniya iqtisadi əlaqələri getdikcə genişlənir və bundan hər iki tərəf faydalanır. İki ölkə arasında enerji, ticarət, investisiya, texnologiya və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimiz bir-birinin etibarlı tərəfdaşı olduğunu artıq təsdiqləyib.Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iqtisadi əməkdaşlığın inkişafına yeni bir təkan verdi. Səfər çərçivəsində vacib məqamlardan biri iyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması oldu. Azərbaycan Prezidenti və Almaniya Federativ Respublikasının Federal Kansleri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"ni imzaladılar. Tədbirdə imzalanan digər mühüm sənəd isə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamədir.Son illərdə qlobal təchizat zəncirində yaşanan geosiyasi gərginliklər və ciddi dəyişikliklər beynəlxalq ticarətdə təhlükəsiz, dayanıqlı və alternatividən daha qısa nəqliyyat dəhlizlərinə olan tələbatı kəskin şəkildə artırmışdır. Məhz bu xüsusda, Şərqlə Qərbi birləşdirən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu — Orta Dəhliz qlobal ticarət dövriyyəsində əvəzsiz bir magistrala çevrilməkdədir. Azərbaycan öz növbəsində nəqliyyat-logistika infrastrukturlarını ardıcıl olaraq modernləşdirmiş, modern avtomobil magistralları, modernləşdirilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və genişləndirilmiş dəmir yolu şəbəkəsi ilə regional qovşaq yaratmışdır. Ölkəmizin Mərkəzi Asiya resurslarının Avropa bazarlarına və əksinə çatdırılmasındakı əsas hərəkətverici rol kəskin şəkildə güclənmişdir.Almaniya Avropanın ən böyük iqtisadiyyatı və aparıcı logistika mərkəzi kimi yüksək nəqliyyat texnologiyalarına, rəqəmsal idarəetmə sistemlərinə və geniş beynəlxalq təchizat şəbəkəsinə sahibdir. Prezident İlham Əliyevin bəyanatında alman şirkətlərinin bu sahədəki təcrübəsinə edilən istinad iki ölkə arasındakı iqtisadi sinergiyanın dərinliyini göstərir. Alman texnologiyalarının Azərbaycanın tranzit infrastrukturlarına inteqrasiya edilməsi, dəmir yollarının və liman idarəçiliyinin rəqəmsallaşdırılması, yaşıl nəqliyyat həllərinin tətbiqi hər iki tərəf üçün böyük iqtisadi dividendlər vəd edir.Səfər zamanı imzalanan strateji bəyannamələr və yaradılan Azərbaycan-Almaniya Biznes Şurası bu əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmişdir. Azərbaycanın Avropaya etibarlı enerji tədarükçüsü kimi qazandığı reputasiya nəqliyyat-tranzit sahəsində də oxşar etimad mühitinin formalaşmasına zəmin yaradır. Almaniya şirkətlərinin Orta Dəhliz çərçivəsindəki layihələrdə daha fəal iştirakı yüklərin çatdırılma vaxtını azaldacaq, nəqliyyat xərclərini optimallaşdıracaq və Avropa ilə Asiya arasında ticarət dövriyyəsinə yeni təkan verəcəkdir. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il Berlin bəyanatı Azərbaycan-Almaniya münasibətlərinin yalnız iki ölkə çərçivəsində deyil, bütöv Avrasiya məkanının iqtisadi sabitliyinə və təhlükəsizliyinə xidmət edən strateji təşəbbüs olduğunu sübut edir. Almaniya texnologiyasının və kapitalının Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir infrastrukturu ilə birləşməsi regional inkişafa, yeni sərmayə axınına və dayanıqlı gələcəyə təminat verir.

Anarə Mustafayeva,
Neftçala rayon Heydər Əliyev Mərkəzinin bələdçisi, YAP Neftçala rayon təşkilatının fəal üzvü

Digər xəbərlər