Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərinin inkişafında yeni strateji istiqamətlər müəyyənləşdirdi. Berlində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və “Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlığın yalnız siyasi deyil, iqtisadi və institusional müstəvidə də keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan və Almaniya arasında artıq strateji dialoqun başlanması oldu. Bu, münasibətlərin yalnız ikitərəfli çərçivədə deyil, Avropa İttifaqı ilə əməkdaşlıq baxımından da yeni perspektivlər açdığını göstərir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqaz regionunda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində oynadığı rol Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür.
Səfər iqtisadi əməkdaşlıq baxımından da mühüm nəticələrlə yadda qaldı. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə qarşılıqlı investisiyaların artırılması, yeni layihələrin reallaşdırılması və biznes əlaqələrinin institusional əsaslarla inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq.
Enerji sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutur. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirir. Neft ixracı ilə yanaşı, gələcəkdə yaşıl enerjinin də Avropa bazarına çıxarılması istiqamətində atılan addımlar Azərbaycanın enerji siyasətinin uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycanın Orta Dəhliz üzrə artan rolu, müasir nəqliyyat infrastrukturu və Asiya ilə Avropa arasında etibarlı körpü funksiyasını yerinə yetirməsi Almaniya ilə bu sahədə əməkdaşlığın strateji əhəmiyyətini artırır. Səfər zamanı bu istiqamətdə birgə işçi qruplarının yaradılması barədə razılığın əldə olunması da əməkdaşlığın praktiki nəticələrə yönəldiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında regional sülh məsələləri də xüsusi yer aldı. Dövlətimizin başçısı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirərək, Almaniya hökumətinin danışıqlar prosesinə verdiyi töhfəni qeyd etdi. Vurğulamaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən əsas amillərdən biridir.
Həmçinin Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərinin böyük siyasi əhəmiyyət daşıdığını vurğuladı. Bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyini və qarşılıqlı maraqların genişləndiyini göstərir.
Səfəri zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas siyasi çərçivə sənədi hesab oluna bilər. Beləliklə Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə imzalanan sənəd iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoyur. Aparılan görüş və mətbuata bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf prespektivlərini müəyyənləşdirən mühüm siyasi hadisədir.
Rövşən Qurbanov,
YAP Goranboy rayon təşkilatının əməkdaşı