Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və iqtisadi tərəfdaşlığın beynəlxalq münasibətlərdə xüsusi əhəmiyyət qazandığı müasir dövrdə Azərbaycanın həyata keçirdiyi milli maraqlara əsaslanan çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl diplomatik fəaliyyət nəticəsində Azərbaycan dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və uzunmüddətli tərəfdaşlığa söykənən münasibətlər formalaşdırıb. Almaniya Federativ Respublikası ilə əlaqələrin son illərdə yüksələn xətt üzrə inkişafı da bu siyasətin uğurlu nəticələrindən biridir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, eləcə də Kansler Fridrix Mertslə keçirdiyi görüşlər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər göstərdi ki, Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq artıq təkcə siyasi dialoq və iqtisadi əlaqələrlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika və humanitar əməkdaşlıq münasibətlərin əsas inkişaf istiqamətlərinə çevrilib.
Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqındakı ən mühüm tərəfdaşlarından hesab olunur. Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr bu gün siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin formalaşdırıb.
Səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə strateji əməkdaşlığın inkişafına və iqtisadi əlaqələrin genişləndirilməsinə dair razılaşmalar ikitərəfli münasibətlərin institusional əsaslarını daha da gücləndirib. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə əldə olunan razılıq isə işgüzar dairələr arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Səbuhi Əliyev,
YAP Goranboy rayon təşkilatının əməkdaşı