"Rusiya–Ukrayna müharibəsinin gedişində son aylarda ciddi strateji dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər xüsusilə Ukraynanın Rusiyanın arxa cəbhəsində yerləşən hədəflərə endirdiyi zərbələrin intensivləşməsi və bunun həm hərbi, həm də psixoloji müstəvidə yeni vəziyyət yaratması ilə diqqət çəkir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.Onun sözlərinə görə, tərəflərin həyata keçirdiyi pilotsuz uçuş aparatları və raket zərbələrinin xarakterinə nəzər saldıqda fərqli yanaşmalar müşahidə olunur:"Rusiya əsasən Ukraynanın enerji infrastrukturuna və yaşayış məntəqələrinə hücumlar həyata keçirir. Bu cür hücumlar nəticəsində mülki itkilər və infrastruktur dağıntıları baş verir ki, bu da beynəlxalq humanitar hüquq baxımından ciddi müzakirə mövzusudur.Ukrayna isə əsas diqqəti Rusiyanın hərbi potensialına təsir göstərə biləcək obyektlərə yönəldib. Əvvəllər əsasən hərbi hissələr, silah-sursat anbarları və müdafiə sənayesi müəssisələri hədəf seçilirdisə, son dövrdə enerji, logistika və sənaye infrastrukturuna endirilən zərbələrin sayı artıb. Bu addımların məqsədi Rusiyanın hərbi təminat imkanlarını zəiflətmək və iqtisadi yükünü artırmaq kimi qiymətləndirilir.Son həftələrdə Rusiyada yanacaq təchizatı ilə bağlı problemlər, bəzi bölgələrdə uzun növbələr və logistika çətinlikləri barədə məlumatlar yayılıb. Bununla yanaşı, müxtəlif kommersiya obyektlərində baş verən yanğınlar və zədələnmələr də diqqət çəkir. Bu hadisələr fonunda müharibənin daxili sosial-iqtisadi təsirləri daha qabarıq şəkildə hiss olunmağa başlayıb.Müharibənin hazırkı mərhələsində hər iki tərəf təkcə cəbhə xəttində deyil, həm də informasiya və psixoloji müstəvidə üstünlük qazanmağa çalışır. Hərbi əməliyyatların gedişi ilə yanaşı, ictimai rəyin formalaşdırılması və qarşı tərəfin mənəvi durumuna təsir göstərilməsi də müasir müharibənin mühüm elementlərindən biri hesab olunur.Ümumiyyətlə, son dövrdə baş verən hadisələr göstərir ki, müharibə artıq yalnız ön cəbhədə gedən döyüşlərlə məhdudlaşmır. Enerji infrastrukturu, logistika, iqtisadi obyektlər və informasiya məkanı da qarşıdurmanın əsas istiqamətlərinə çevrilib. Bu isə münaqişənin hərbi, iqtisadi və psixoloji ölçülərinin daha da genişləndiyini göstərir".
Müəllif: Günel Fərzəliyeva