Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gənclərinin və könüllülərinin birgə iştirakı ilə “Yay məktəbi”nə start verilib.
“Yay məktəbi”nin açılış günündə gənclər və könüllülər SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda Ulu Öndər Heydər Əliyevin büstünü, Keşlə qəsəbəsində Şəhidlər xiyabanını, Nizami rayonunda “Vətən Müharibəsi Şəhidləri" memorial kompleksini ziyarət ediblər.
Sonra YAP Nizami rayon təşkilatında “Yay məktəbi”nin açılış tədbiri keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi İdarə Heyəti sədrinin müavini Eyvaz Hünbətov və başqaları “Yay məktəbi”nin əhəmiyyətini vurğulayaraq gənclərin asudə vaxtının səmərəli təşkili və onların bacarıqlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrin birbaşa Prezident İlham Əliyevin cəmiyyətimizin sözügedən aktiv təbəqəsinə olan qayğısından irəli gəldiyini bildiriblər.
Diqqətə çatdırılıb ki, YAP gənclər üçün bir inkişaf məktəbidir. Partiyanın təşkil etdiyi bütün layihələrin əsas fəlsəfəsini gənclərin milli ruhda yetişdirilməsi təşkil edir. “Yay məktəbi” kimi layihələr də gənclərin inkişaf, dialoq və inteqrasiya platformasıdır. Bu cür layihələr gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərin mübadiləsinə şərait yaradır.
Açılış tədbirinin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Həmin gün “Yay məktəbi”nin iştirakçıları Heydər Əliyev Mərkəzini və Zəfər muzeyini də ziyarət ediblər.