2026-cı ildə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə qəbul edilən qərar iqtisadi əlaqələrin daha da genişlənməsinə əlavə stimul verdi.
Bu gün Azərbaycan ilə Almaniya arasında münasibətlər etibarlı tərəfdaşlıq modelinə əsaslanır. Siyasi dialoqun möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə təşəbbüslər, humanitar əməkdaşlığın inkişafı və qarşılıqlı etimad gələcək üçün möhkəm zəmin formalaşdırır. Mövcud potensialdan səmərəli istifadə olunması iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın daha da dərinləşməsinə, regional sabitliyin möhkəmlənməsinə və uzunmüddətli tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Birgə Bəyannamədə əməkdaşlığın siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığı, təhlükəsizlik, müdafiə, mina təmizləmə, elm, innovasiya, rəqəmsal transformasiya, təhsil, mədəniyyət, iqlim fəaliyyəti və insanlararası əlaqələrin inkişafı kimi istiqamətlərin də prioritet olduğu qeyd edilmişdir. Bu, tərəflərin münasibətlərə kompleks yanaşmasını və çoxşaxəli strateji əməkdaşlıq modelinin formalaşdırılmasını nümayiş etdirir.
Ölkə başçımızın Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olduğunu göstərmişdir. İmzalanmış Birgə Bəyannamə və digər razılaşmalar siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat və logistika layihələrinin inkişafı, eləcə də təhlükəsizlik və regional sabitliyin möhkəmləndirilməsi üçün yeni institusional çərçivə formalaşdırmışdır. Mövcud nəticələr göstərir ki, tərəflər qarşılıqlı etimada əsaslanan uzunmüddətli strateji tərəfdaşlığın inkişafında maraqlıdırlar və bu əməkdaşlıq həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də regional iqtisadi və siyasi sabitliyə mühüm töhfə verə bilər.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini davamlı şəkildə gücləndirir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, regionda davamlı sülhün möhkəmləndirilməsində və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya ilə strateji tərəfdaşlığın yeni mərhələsi isə bu siyasətin uğurlu nəticəsi olmaqla yanaşı, gələcək illərdə Azərbaycan–Avropa münasibətlərinin daha da dərinləşəcəyinin mühüm göstəricisidir.
Əsli Novruzova
YAP Qusar rayon təşkilatının fəalı